Hazırda bir çox dünya ölkələri kimi Azərbaycan Respublikasında da miladi təqvimdən istifadə edilir. Bu təqvim xristian dininin yaranması ilə bağlıdır. Xristianlığın peyğəmbəri İsanın anadan olduğu gün milad (yəni “anadanolma”) adlanır. Ona görə də başlanğıcı bu gündən hesablanan təqvimə miladi təqvimi deyilir.
Bir çox müsəlman ölkələrində Hicri təqvimindən istifadə olunur. Hicrət sözünün mənası “köçmək” deməkdir. Bu təqvim islam dininin banisi Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü ildən başlayır. Həmin hadisə miladi təqvimin 622-ci ilində baş vermişdir. Hicri təqvimi ilə başlanan vaxta Hicri era da deyilir.
Azərbaycan ərazisində ilk insan dəstələrinin məskunlaşması. Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Ölkəmizin ərazisi Yer kürəsində ibtidai insanın formalaşdığı məkanlar sırasına daxildir. Azərbaycan ərazisində iqlim şəraiti müxtəlif bitki və heyvanların yaşaması üçün əlverişli olmuşdur.
Azərbaycanda insanın yaşaması üçün əlverişli təbii mühit və şərait var idi. İlk insan dəstələri Azərbaycan ərazisində təxminən 1,5 milyon il əvvəl məskunlaşmışlar.
İbtidai icma quruluşunun inkişaf mərhələləri. Ulu icmanın mövcud olması ilə Azərbaycan ərazisində ibtidai icma quruluşu yaranmışdır. İnsan cəmiyyətinin tarixində ibtidai icma quruluşu çox uzun bir dövrü əhatə edir. Alimlər ibtidai icma quruluşunu əmək alətlərinin hazırlandığı materiala görə şərti olaraq üç dövrə bölürlər: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.
Miladi təqvimi ilə hicri təqvimini müqayisə edin.
Azərbaycan ərazisində ən qədim dövrlərdə təbii iqlim şəraitinin necə dəyişdiyini müəyyən edin.