İranzu, İzirtu, Assur, Urartu |
Dövlətin yaranması. E.ə. 2-ci minilliyin 2-ci yarısı — 1-ci minilliyin başlanğıcında Azərbaycan ərazisində yaşayan tayfalar, xüsusilə də cənubdakı tayfalar mühüm nailiyyətlər qazanmışdılar. Bu dövrdə tayfaların birləşməsi, tayfa ittifaqlarının yaranması davam edirdi. Tayfa birliklərinin yaranması təsərrüfatın inkişafına kömək edirdi. Ticarət əlaqələri genişlənirdi. Mesopotamiyanın inkişaf etmiş ölkələri ilə yaxın əlaqələr mövcud idi. E.ə. IX əsrdə Manna dövlətinin yaranmasına bu əlaqələr də təsir göstərmişdi.
Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assur hökmdarı III Salmanasarın mixi kitabəsində rast gəlinir. Bu kitabədə Manna tayfasının adı çəkilir.
Mannanın təbiəti və əhalisi. Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Çay vadiləri çox məhsuldar olduğundan əhali həmin məkanlarda sıx məskunlaşmışdı. Ölkə ərazisində çoxlu faydalı qazıntı yataqları vardı. Mannanın zəngin faydalı qazıntıları metalişləmə sənətinin yüksək inkişaf etməsinə zəmin yaratmışdı.
Əhali oturaq həyat keçirirdi. Düzən və dağətəyi ərazilərin əhalisi əkinçiliklə məşğul olurdu. Onlar torpağı xışla şumlayır, taxılı dəmir oraqla biçirdilər. Mannada taxıl anbarları vardı. Bu anbarlar dövlətə və hökmdarlara məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı.
Ölkədə bağçılıq və üzümçülük inkişaf etmişdi. Üzümdən şərab da hazırlayırdılar.
Mannalılann təsərrüfat həyatını təsvir edin.