Diyala çayı Dəclə çayının sol qoludur. Çoxsaylı qollara (kanallara) ayrıldığına görə Diyala çayını “ölümə məhkum olunmuş çay” adlandırırdılar.
Lullubi dövlət qurumu Mesopotamiya (İkiçayarası) ilə iqtisadi əlaqələr yaratmışdı. Lullubilər Nuzi şəhəri ilə mal mübadiləsi edir, malqaranı taxıla dəyişirdilər. Bu əlaqələrin lullubilərə böyük təsiri olmuşdu. Onlar mixi yazı sistemini mənimsəmişdilər.
E.ə. 3-cü minilliyin sonlarında Lullubi dövlət qurumu xırda vilayətlərə parçalandı.
Kuti dövlət qurumu. Urmiya gölünün qərb hissəsində kuti tayfa birlikləri yaşayırdılar. Onlar e.ə. 3-cü minilliyin 2-ci yarısında Kuti dövlət qurumu yaratmışdılar. Kutilər türkmənşəli şumerlilərlə dostluq münasibəti saxlayır, akkadlılarla rəqabət aparırdılar.
Kutilər Akkad dövlətini süquta uğratdılar. İkiçayarasının böyük hissəsini 100 ilə yaxın öz hakimiyyətləri altında saxladılar. Kutilər mövcud olan yerli idarə sistemini dəyişmədilər. Kutilərə tabe olan əraziləri şumer və akkad canişinləri* idarə edirdilər.