Azərbaycan ərazisində ilk dövlət qurumlarının Tunc dövrünün hansı mərhələsində yarandığını müəyyən edin və zaman oxunda göstərin.
Lullubi dövlət qurumu necə yarandı və möhkəm təndi?
Tunc dövrünün əvvəllərindən Azərbaycan ərazisində maldar tayfalar aparıcı mövqe tuturdu. Mal-davar tayfaların başlıca sərvətinə çevrilməyə başlamışdı. Davarın artması və əmək məhsuldarlığının yüksəlməsi sayəsində əhali artır, tayfalar daha geniş ərazilərə yayılırdı. Dağətəyi, dağlıq və hətta yüksək dağ əraziləri də yaylaq kimi istifadə olunmağa başlanmışdı.
Yarımköçəri maldarlıq meydana gəlmişdi, metal emalı inkişaf etmişdi. Qonşu ölkələrlə sıx əlaqələr yaradılmışdı. Yaşayış məskənlərinin, möhkəmləndirilmiş qalaların sayı artmışdı. Bütün bunlar bölgədə məskunlaşmış tayfaların iqtisadi, siyasi və mənəvi həyatında mühüm dəyişikliklərə gətirib çıxarırdı.
Yeni otlaq sahələri ələ keçirmək uğrunda mübarizə hərbi toqquşmalara səbəb olurdu. Bəzən kiçik tayfalar başqa tayfaların hücumlarından qorunmaq üçün eyni kökdən olan böyük tayfalarla birləşirdi. Beləliklə, güclü tayfa ittifaqları formalaşırdı. Bu, Azərbaycan ərazisində ilk dövlət qurumlarının yaranması demək idi.
İlk dövlət qurumları. Lullubi dövlət qurumu. E.ə. 3-cü minilliyin 2-ci yarısında Azərbaycanın cənubunda lullubi, su, turukki tayfa birliyi Lullubi dövlət qurumunu yaratmışlar. Lullubi dövlət qurumunun ərazisi şimaldan Urmiya gölü, cənubdan Diyala çayına qədər uzanırdı.