I Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki məbəd divarında həkk etdirdiyi yazıda Sasanilər dövlətinə tabe olan ölkələrin adı çəkilir. Bu ölkələrin arasında Atropatena və Albaniyanın da adları vardı.
Nəqşi-Rüstəm İran İslam Respublikasının ərazisində, Persepoldan 5 km aralı Əhəmənilər və Sasanilər dövrünə aid kitabələrin qorunduğu abidədir. Qədim inama görə, bu nəhəng abidəni Zal oğlu pəhləvan Rüstəm tikmişdir.
I Şapurun dövründə qədim od məbədindəki kitabədə Sasanilərə tabe olan 27 ölkənin (vilayətin) adı yazılmışdır. Bu ölkələr (vilayətlər) arasında Albaniya və onun vilayəti olan Balasakan da vardır.
IV əsrin sonunda Albaniya dövlətinin siyasi vəziyyətini müəyyən edin.
O zamanlar Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan adlandırırdılar. Mənbələrdə Balasakan ərazisi Paytarakan, yaxud Belaqan (Beyləqan) adlanırdı. Onun əsas əhalisi türkmənşəli saklardan ibarət idi.
I Şapurun ölümündən sonra Albaniya siyasi müstəqilliyini bərpa etsə də, Sasanilər dövlətindən asılı vəziyyətdə olmuşdur. V əsrin ortalarına qədər Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri idi.
Sasani dövlətinin işğalçı siyasəti Roma- Sasani müharibələrinin fasilələrlə davam etməsinə səbəb olurdu. IV əsrin sonuna yaxın bütün Cənubi Qafqaz Roma ilə Sasani dövləti arasında bölünmüşdü. Bu bölgüdə Albaniya Sasanilərin payına düşmüşdü. Sasani şahından asılı olduğuna görə Albaniya bu müharibələrdə Sasani ordusunu həm hərbi qüvvə, həm də ərzaqla təmin etməli idi.
371-ci ildə Roma və Sasanilər arasında baş verən Dzirav döyüşünün nəticəsi Albaniya üçün ağır olmuşdu. Bu döyüşdən sonra Albaniya Uti, Sakasen, Girdiman vadisi və Kolt vilayətlərini itirmişdi.