18. ALBANİYADA ƏHALİNİN
TƏSƏRRÜFAT HƏYATI. ŞƏHƏRLƏR
Ayniana, Anariaka |
Əhalinin məşğuliyyəti. Yunan-Roma müəllifləri Albaniya torpaqlarının çox bərəkətli, əhalisinin isə sıx olduğunu yazırdılar.
Albanlar əkinçilik, bağçılıq, bostançılıq, üzümçülük, maldarlıqla məşğul olur, arpa, buğda, darı yetişdirirdilər. Taxılı dəmir oraqla biçir, xırmanda ağac vəllə döyürdülər. Ehtiyat taxılı iri saxsı küplərdə və xüsusi quyularda saxlayırdılar. Dənli bitkiləri, əsasən, dən daşları ilə üyüdürdülər. Əldəyirmanlarından da istifadə edirdilər.
Eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından istifadə olunmuşdur. Təsərrüfatda üzümçülük və şərabçılıq xüsusi yer tutmuşdur.
Albaniyada çoxsaylı mal-qara sürüləri, at ilxıları var idi. Minik atlarından hərbi işdə geniş istifadə olunurdu. Atlı (süvari) hərbi dəstələr yaradılmışdı.
Strabonun dediyinə görə, Pompeylə döyüşdə albanlar 22 min süvarini silahlandırmışlar. Plutarx isə 12 min alban süvarisinin Pompey ordusunu qarşıladığını yazırdı.