Çörəkbişirmə ən qədim və hörmətli peşələrdən sayılır. Çörəyin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. İsveçrənin Sürix şəhərindəki muzeydə ən qədim eksponatlardan biri 6 min il əvvəl bişirilmiş çörəkdir. Ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı tapılan daşlaşmış buğda növləri eramızdan əvvəl VII-VI minilliyə aid edilir.
Ta qədimdən insanlar arasında dostluq rəmzi sayılan “duz-çörək” anlayışı indi də öz əhəmiyyətini itirməyib. Hər xalqın çörəyə öz münasibəti var. Xalqımız çörəyi hər zaman müqəddəs tutub, onu nemətlərin şahı sayıb. Çörək bizdə dostluq, qardaşlıq, etibar rəmzidir.
Xalqımızın çörəkdən istifadə mədəniyyətinin də özünəməxsus yazılmamış qaydaları var. Məsələn, insan çörəyə əl vurmamışdan əvvəl mütləq əllərini yumalıdır. Bu yalnız gigiyenik qayda deyil, həm də çörəyə hörmətin göstəricisidir. Ayaq üstə çörək yemək, çörəyi tərs üzünə qoymaq, yaxud arxada tutmaq çörəyə hörmətsizlik sayılır. Hələ son dövrlərədək qorunub saxlanan bir adətə görə, dəyirmana un üyütməyə ailənin “əli bərəkətli” üzvü gedərdi. Dəyirmana gələnə “Çörəyiniz bol olsun” deyərdilər.
Bərəkətinə and içdiyimiz çörəyə hörmət xalqımızın yaddaşına hopub və ənənəyə çevrilərək bu günümüzə gəlib çatıb. Yəqin ki, hər birimiz çörəyə hörmətsizlik edənin gec-tez cəzasını çəkəcəyi barədə söhbətlərin dəfələrlə şahidi olmuşuq.
Bu müqəddəs nemətə sayğı dolu ənənələri gələcək nəsillərə ötürmək, milli-əxlaqi dəyərləri daha geniş və məzmunlu təbliğ etmək məqsədilə bir sıra xalqlar çörək muzeyləri yaradıblar. Bu muzeylər arasında Ağdam Çörək Muzeyinin öz yeri vardı...
Ağdamda XIX əsrin sonlarında bir dəyirman tikilmişdi. El arasında “od dəyirmanı” adlanan bu dənüyütmə qurğusu mazutla işləyirdi. Dəyirman şəhəri nəinki unla, həm də enerji ilə təmin edirdi: gündüzlər dəyirman kimi işləyir, axşamlar isə yaxın məhəllələrə işıq verirdi. II Dünya müharibəsi illərində “od dəyirmanı” şəhər sakinlərinin ümid yerinə çevrilmişdi.