Zaman yetişdi, azğın ermənilərin torpaq iddialarına qarşı xalqımızın etiraz səsi yüksəldi. Minlərlə soydaşımız “sülhsevər” sovet ordusunun tankları qarşısına əliyalın çıxanda Salatın da evdə otura bilmədi. Qanlı Yanvar gecəsində minlərlə soydaşımız kimi ölümün üzünə dik baxdı, yaralanmış, qan itirən cavanların xəstəxanalara daşınmasına kömək etdi. Bakının ağır günlərində rus hərbçilərindən qorxmadan çəkiliş aparan qrupun üzvləri arasında Salatın da var idi.
Qan dalınca qan gəldi. Qara Yanvarın qara buludları başımız üstündən çəkilməmiş Qarabağ müharibəsinin alovları daha da sıxlaşdı. Ermənilər qətllər, basqınlar, qarətlər törədir, kəndlərimizin dinc sakinlərinə olmazın əzab-əziyyət verirdilər...
Salatın bu dəhşətlərdən, fəlakətlərdən yazmaq üçün Qarabağa yollandı. Onun silahı qələm idi. Təkcə 1990-cı ilin dekabrında dörd dəfə döyüş bölgələrində olmuş, əsgərlərlə görüşmüş, onların igidliyindən yazmışdı. Salatının cəbhə reportajlarını bütün Azərbaycan oxuyurdu.
İşlədiyi qəzetin redaksiyasında Salatına görə çox narahat olurdular. Hər dəfə Bakıya qayıdanda dilə tuturdular ki, bir də təhlükəli bölgələrə getməsin. Amma heç kəs onu yolundan döndərə bilmirdi. O, həmişə eyni cavabı verirdi: “Mən getməyim, bəs kim getsin?”
Anası da yalvarırdı:
-Ay bala, özünü namərd gülləsindən qoru. Bir də ki, Ceyhununu düşün. Uşaq sənin üçün çox xiffət çəkir.
...1991-ci il yanvarın ilk günləri idi. Qarabağa yollanan Salatın anasına söz verdi: “Axırıncı dəfə gedirəm...”
Doğrudan da, bu, Salatının cəbhə xəttinə sonuncu səfəri oldu. Laçın-Şuşa yolunda, Qaladərəsi deyilən yerdə Salatın Əsgərovanın və üç rus zabitinin mindiyi maşın erməni silahlılarının pusqusuna düşdü. Maşın gülləbarana tutuldu. Qarabağ müharibəsinin növbəti qurbanlarının bədənlərini dəlib keçən güllələrin sayı-hesabı yox idi...
Salatın Əsgərova Qarabağ müharibəsində öz xidməti vəzifəsini yerinə yetirərkən öldürülən ilk jurnalist oldu.
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilən Salatın Əsgərova Şəhidlər xiyabanında dəfn edildi. Onun gəlişi ilə Şəhidlər xiyabanında bir şəhidlər sırası da başladı. Salatının məzarı 20 Yanvar şəhidləri ilə Qarabağ şəhidləri arasında körpü oldu...