Salatın pasport alan günü evdə şadyanalıq qurulmuşdu. Deyib-gülür, şənlənirdilər. Birdən bacısı Zümrüd diqqətlə sənədə baxıb gülə-gülə dedi:
- Başıma xeyir, görün bir pasportda nə yazılıb: Salatın Əziz oğlu Əsgərov.
Gülüş səsləri mənzili başına götürdü. Hamı sənədə baxıb gözü yaşarana qədər güldü. Salatın isə heç halını pozmadan:
- Niyə gülürsünüz? Mən gərək elə oğul doğulaydım, - dedi.
Salatının şıltaqlığı, dəcəlliyi doğulduğu şəhərin xəzrisindən, gilavarından pay almışdı. Eyni zamanda vüqarlı idi Salatın. Bir oğul qətiyyəti ilə inadından dönən deyildi.
Yay tətilini çox vaxt ata yurdu Füzulidə keçirərdi. Quruçayın, Köndələnçayın şəffaf sularına heyranlıqla tamaşa edər, Qarabağ torpağının əsrarəngiz gözəlliyindən doymazdı. Kənddəki ata-baba evinin arxa tərəfində axan bulaqdan su içər, kənd yollarında at çapardı. Kənd camaatı şəhərli qızcığazın at belində oturmasına, düz-dərəni dolaşmasına heyrətlə baxardı.
Beləcə, dəli-dolu, haylı-küylü böyüyürdü Salatın. Hər işində olduğu kimi, təhsildə də seçilirdi. Mütaliəni sevir, kitab əlindən düşmürdü. Hələ aşağı siniflərdə oxuyanda valideynlərinə demişdi: “Böyüyəndə təyyarəçi olacağam. Qırıcı təyyarə sürəcəyəm”. Amma tez də fikrindən dönüb sınaqçı- təyyarəçi olmağa üstünlük vermişdi. Anlamışdı ki, qırıcı təyyarələr kəndləri, şəhərləri bombalayır, viran edir. Balaca Salatın isə həmişə nə isə yaxşı iş görmək barədə düşünürdü. Bir az böyüdükdən sonra sinif yoldaşlarını da dilə tutub onlarla birgə məhəllədəki tənha qocaların evinə gedər, onlara qulluq edər, çörək, dərman alıb aparardı.
Salatın uşaqlıqdan kiçik şeirlər, hekayələr yazırdı. Görünür, elə bu yaradıcılıq həvəsi ali təhsilli mühəndis olan Salatını mətbuat aləminə gətirdi. Qələm dostlarının nəvazişlə “Salyuta” adlandırdıqları Salatın Əsgərova artıq mətbuatda “Salatın Ceyhun” imzası ilə tanınmağa başladı.
Həmişə həyatın qaynar nöqtələrinə can atardı. Uşaqlıqda olduğu kimi, yenə də zahirən şux, deyib-gülən, zarafatcıl idi. Elə şən, nikbin görünərdi ki, hər kəs bu həyatsevər qadının dərd-sərdən, qayğıdan büsbütün uzaq olduğunu düşünərdi. Çoxları onun içindəki böyük Vətən sevgisindən, milli ruhdan xəbərsiz idi.