Parisin Luvr Muzeyində vaxtilə Şuşa şəhərində tapılmış, Miladdan öncə XII əsrə aid olan bir daş abidə saxlanılır. Bu daşın baş hissəsində həkk olunmuş aypara və ulduz diqqəti daha çox cəlb edir.
Aypara və ulduz simvolları dünyada ən geniş yayılmış rəmzlərdən biridir. Müasir dövrdə aypara, ilk növbədə, islamın rəmzi kimi tanınır. Lakin islamdan çox-çox əvvəllər də aypara və ulduz müxtəlif ilahi qüvvələrin rəmzi sayılırdı.
Tarixi faktlara əsaslanaraq demək olar ki, aypara-ulduz qədim türklərin islamdan əvvəlki simvolu olmuşdur. Buna sübut kimi arxeoloji qazıntılar zamanı Orta Asiyada tapılmış dəmir pulları göstərmək olar. Bu pullar VI-VII əsrlərdə mövcud olmuş Göytürk imperatorluğuna məxsusdur. Üzərində aypara-ulduz rəmzi təsvir olunmuş bu 104 ədəd pul türk tarixində ən qədim pullardır.
İslamın yeni yarandığı dövrlərə aid tarixi mənbələrdə aypara-ulduz simvolu haqda heç bir məlumat yoxdur. Bu işarənin islamın rəmzinə çevrilməsi prosesi bir qədər gec - türk xalqları bu dini qəbul etdikdən sonra başlamışdır. X əsrdən başlayaraq türklər nəinki islamı qəbul etmiş, hətta müsəlman dünyasında siyasi liderliyi ələ almışdılar.
XI əsrdən etibarən şiddətlənən xristian-müsəlman qarşıdurmasında xristianlar xaç simvolundan geniş istifadə edirdilər. Onlar bütün savaşlara xaç təsvir olunmuş bayraqlarla, qalxanlarla gedirdilər. Bu, islam ideyasını əks etdirən bir rəmzin yaranmasını zəruri etdi. Belə bir rəmzi müsəlman dünyasına türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər özlərinin qədim simvolundan - aypara-ulduzdan istifadə etməyə başladılar. Həmin vaxtdan aypara və ulduz islamın rəmzinə çevrildi. Sonralar isə bu işarə Osmanlı imperiyasının dövlət simvolu oldu. Osmanlılar bu simvolun bəzədiyi bayraq altında bir çox əraziləri fəth etdilər. Bundan sonra aypara və ulduz rəmzindən bütün müsəlman dünyasında geniş istifadə edilməyə başlanmışdır.
Ayparanın türk-islam rəmzinə çevrilməsi ilə bağlı başqa bir fərziyyə də var. Əfsanəyə görə, 1299-cu ildə Kiçik Asiyada balaca bir dövlətin - Osmanoğulları bəyliyinin hökmdarı Osman bəy yuxuda dünyanın bu başından o başına uzanan aypara görür. Bunu xeyir xəbər kimi yozan hökmdar aypara-ulduzu öz dövlətinin rəmzi kimi qəbul edir.
Yuxu Osmanı aldatmamışdı, onun xələfləri nəhəng Osmanlı imperiyası yaradıb müsəlman aləminin ən böyük hökmdarları kimi tarixə düşdülər.