1990-cı ilin dekabr ayında Əlif Hacıyev yenidən daxili işlər orqanlarına bərpa olundu və Xocalı təyyarə limanının daxili işlər bölməsinə rəis təyin edildi. O həmçinin Xocalı aeroportunun komendantı idi. Artiq Əlif ermənilər üçün ciddi təhlükəyə çevrilmişdi. Onlar Əlifin başına böyük pullar qoyur, onu aradan götürməyə çalışırdılar. Əlif isə erməni millətçilərinə qarşı mübarizəsini davam etdirirdi. Məhz onun sayıqlığı sayəsində Xocalı aeroportu ermənilərin nəzarətindən tamamilə çıxdı, onların təyyarə ilə Xankəndinə silah-sursat daşımasının qarşısı alındı. Göstərdiyi xidmətlərə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verildi. Lakin cəmi üç ay sonra qanlı Xocalı faciəsi baş verdi. 1992-ci il fevral ayının 26-sı Xocalının təhlükəsizliyini qoruyan Əlifin son günü oldu...
1992-ci il fevralın 25-də gecə saat 22-23 radələrində Ermənistanın silahlı qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya üç tərəfdən hücum etdilər. İlk həmləni aeroportdan başlayan erməni və rus hərbçiləri səhər saat 5-ə qədər Xocalını gülləbaran etdilər. Günahsız insanlar ayaqyalın, başıaçıq meşəyə qaçdılar. Əlif və onun dəstəsi azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə son ana qədər vuruşdular. O, təyyarə limanından çıxmamışdan əvvəl aeroportun və məxfi sənədlərin ələ keçməməsi üçün dispetçer məntəqəsini partlatdı. Körpələri, qızları, qocaları xilas etmək üçün əlindən gələni etdi. Bir dəstə dinc əhalini təhlükəsiz yerə çıxara bildi. Əlif özü də orada qala, bir daha geri qayıtmaya bilərdi. Lakin o, xocalılıların yeganə ümid yeri olduğunu bilirdi. Odur ki Əlif təhlükəsiz yeri tərk edib yenidən od-alovun içinə atıldı, bərabər olmayan qüvvə ilə döyüşməyə davam etdi. Öz həyatı bahasına yenə də neçə-neçə qadını, uşağı ölümün pəncəsindən xilas etdi. Lakin özü qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucaldı.
Əlif Hacıyev Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Xəzər dənizində Əlif Hacıyev adına gəmi, Bakının Nizami rayonunda orta məktəb və küçə var.