Şəhidsiz torpaq, itkisiz qələbə, qansız istiqlal olmur. Bu yolda öz canından keçənlər əbədi olaraq adlarını vətən tarixinə həkk edirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igid oğullarımızdan biri də Əlif Hacıyevdir.
Əlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində anadan olmuşdur. O, hərbi xidməti Minsk şəhərində keçmiş, sonradan Daxili İşlər Nazirliyinin Akademiyasını bitirmişdir.Bir müddət
Həmin dövrlərdə Qarabağda ermənilər tərəfindən azərbaycanlıların incidilməsi, gənclərin günahsız yerə həbsə salınması, milli abidələrimizin dağıdılması Əlifi çox narahat edirdi. O, yaxşı başa düşürdü ki, ermənilərin əsas məqsədi Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistanın tərkibinə daxil etməkdir. Əlif dəfələrlə ermənilərin bəd əməllərinin üstünü açmış, onlara mənfur planlarını həyata keçirməyə imkan verməmişdi.
Belə hadisələrdən biri də 1984-cü ilin avqust ayında baş vermişdi. O vaxt erməni quldur dəstəsi Kosalar kəndində 9 yaşlı İlham Əsgərovu oğurlayıb Xankəndində bir zirzəmidə gizlətmişdi. Əlif Hacıyev peşəkar əməliyyatçı kimi hadisənin izinə düşmüş, uşağı xilas etmişdi. Əgər o, İlhamın yerini vaxtında tapmasaydı, uşaq vəhşicəsinə öldürüləcəkdi. Əlif Hacıyevin bu hadisə ilə əlaqədar topladığı materiallar əsasında 5 nəfər erməni canisi həbs olunmuşdu.
Ermənilər bunun qisasını almaq məqsədilə saxta sənədlər tərtib edərək Əlifin həbs olunmasına nail oldular. Ona 10 il azadlıqdan məhrumolma cəzası kəsildi. Əlif Sibirə göndərildi. Soyuq həbsxana kamerasında dustaq həyatı keçirdi. Lakin 4 il sonra haqq öz yerini tapdı və o, həbsdən azad olundu.
Həbsxanadan çıxan Əlifin qarşısında bir məqsəd var idi: erməni millətçiləri ilə ömrünün axırına qədər mübarizə aparmaq. Bu dövrdə erməni daşnakları Qarabağı ələ keçirmək planlarını gizlətmir, mətbuatda bununla bağlı çıxışlar edir, silahlı dəstələr yaradırdılar. Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində işləməyə başlayan Əlif ermənilərin mənfur niyyətlərinin ifşa olunmasında fəal iştirak edirdi.