Mən bizim kənd qocalarının səhər tezdən məktəbə yığışmalarının səbəbini də başa düşdüm. Bununla onlar sanki qırxillik sədaqətli xidmətinə görə müəllimə minnətdarlıqlarını bildirir və əllərindən alınan Vətənə son borclarını verirdilər...
Adımın çəkilməsi düşüncələrimi yarımçıq kəsdi. Müəllim məni lövhəyə çağırdı. İlahi, bu gün dərsimi heç bir səhv buraxmadan danışmaq üçün nələrdən keçməzdim. Lakin mən elə ilk kəlmələrdəcə çaşdım, başımı aşağı salıb susdum. Bu zaman cənab Amel danışmağa başladı:
- Mən səni danlamayacağam, Frans. Sən, onsuz da, kifayət qədər cəzalandırılmısan... Bax sən hər gün fikirləşirdin: “Hara tələsirəm? Sabah hamısını öyrənərəm”. Sonra isə görürsən, nələr olur? Siz özünüzü fransız adlandırırsınız, amma doğma dilinizdə nə yaxşı danışmağı, nə də düzgün yazmağı bacarırsınız.
Sonra cənab Amel fransız dili barədə danışmağa başladı. O deyirdi ki, bu, dünyada ən gözəl, ən məlahətli dildir, onu qoruyub saxlamaq lazımdır. Nə qədər ki əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır...
Sonra müəllim kitabı əlinə alıb dərsə başladı. Mən onun bütün dediklərini çox gözəl başa düşürdüm. Buna özüm də mat qalmışdım. Görünür, əvvəllər mən müəllimə heç vaxt belə diqqətlə qulaq asmamışdım. Müəllim də heç vaxt dərsi belə aydın, belə hövsələ ilə izah etməmişdi. Zavallı qoca sanki getməmişdən əvvəl bütün bildiklərini bizə vermək istəyirdi.
Sinifdə tam sakitlik hökm sürürdü. Pəncərədən sinfə doluşan mayböcəklərinə də fikir verən yox idi. Məktəbin damında quşlar astadan civildəşirdilər və mən onlara qulaq asa-asa özümdən soruşurdum: “Bəlkə, onları da almanca oxumağa məcbur edəcəklər?”
Birdən kilsə zəngi saat on ikini vurmağa başladı. Cənab Amelin rəngi ağardı.
- Dostlar, mən, mən... - deyə o danışmağa çalışdı, lakin sözünün ardını gətirə bilmədi.
O, üzünü lövhəyə çevirdi, bir parça təbaşir götürərək böyük hərflərlə yazdı:
“YAŞASIN FRANSA!”
Sonra başını lövhəyə dayayaraq donub-qaldı və əli ilə bizə işarə elədi:
“Dərs bitdi... Gedin...”