Həmin gün mən dərsə gecikirdim və danlanacağımı bildiyim üçün çox qorxurdum. Doğrusu, dərsə də hazır deyildim. Bir anlığa ağlıma gəldi ki, məktəbə getməyim. Amma mən qorxuya üstün gələ bildim və məktəbə tələsdim.
Meriyanın qarşısından qaçarkən gördüm ki, camaat elanlar asılmış lövhənin qarşısına yığılıb. Son iki ildə bu lövhədə biz ancaq xoşagəlməz xəbərlər oxuyurduq: məğlub edildiyimiz döyüşlər, komendantın əmrləri... Mən qaça-qaça fikirləşdim: “Görəsən, yenə nə yazıblar?”
Adətən, dərsin əvvəlində sinifdə elə səs-küy olur ki, küçədə də eşidilir. Hamı bərkdən dərsini təkrarlayır, müəllim çubuğunu masanın üstünə vuraraq şagirdləri sakitləşdirməyə çalışır.
- Keç yerinə, mənim balaca Fransım. Biz artiq sənsiz başlamaq istəyirdik.
Mən tələsik yerimdə oturdum. Arxa partalarda kənd ağsaqqallarının əyləşdiyini görüb xeyli təəccübləndim. Onların hamısının sifətində qəmgin ifadə var idi.
Cənab Amel aramla sözə başladı:
- Uşaqlar! Bu gün mən sizinlə sonuncu dəfə məşğul oluram. Berlindən əmr gəlmişdir ki, bizim əyalətin məktəblərində yalnız alman dili tədris olunsun... Yeni müəlliminiz sabah gəlir. Bu gün isə sizin sonuncu fransız dili dərsinizdir. Xahiş edirəm, çox diqqətli olun.
Onun sözləri məni sarsıtdı... Ah, yaramazlar!.. Demək, bu imiş meriyanın divarında asdıqları elan!
Sonuncu fransız dili dərsi!.. Mən öz dilimdə düz-əməlli yaza da bilmirəm! Deməli, heç vaxt öyrənə bilməyəcəyəm də! Deməli, elə belə də yaşamalı olacağam! Mən itirilmiş vaxta görə, ağacların başında quş yuvaları axtarmaq, donmuş çayda sürüşmək xatirinə buraxılmış dərslərə görə necə də heyifsilənirdim!