– Baxın, bura Şuşanın Laçın tərəfdən girişidir. Biz isə indi bax bu nöqtədə yerləşmişik, girişin dörd kilometrliyində. Bilirsiniz ki, şəhərin qalan tərəfləri sıldırım qayalıqlardır. Xüsusi təyinatlı döyüşçülərimiz gecə bu qayalarla dırmaşıb düşmənə hücum edəcəklər... – o, sözünə ara verib sanki fikrə daldı. – Allah özü onlara kömək olsun... Səhər saat 4-də isə biz əsas girişdən şəhərə daxil olmalıyıq. İndi isə dağılışın, hücuma qədər yaxşıca dincəlin.
Biz ayağa qalxdıq. Mən bölüyümə tərəf yönəldim. Bu vaxt cavan zabitlərdən biri mənə yaxınlaşdı.
– Leytenant, deyəsən, komandirdən incidin.
– Düzü, belə gözləmirdim...
– İncimə, qardaş. Komandirimiz Qarabağ uğrunda vuruşanda biz səninlə hələ anadan olmamışdıq. Onun ermənilərlə öz haqq-hesabı var. Oğlu da xüsusi təyinatlıdır. Təsəvvür edirsən, ata burada, oğul da şəhərin o başında düşmənlə ölüm-dirim savaşına hazırlaşırlar.
Zabit əlini dostcasına kürəyimə vurub məndən ayrıldı. Onun bu sözlərindən sonra döyüş ruhuma bir stimul da qatılmışdı: Əsədovun hörmətini qazanmaq.
Gecəyarısından etibarən Şuşa tərəfdən atəş səsləri gəlməyə başladı. Getdikcə səslər güclənirdi. Hiss olunurdu ki, şəhərdə qızğın döyüş gedir. Nəhayət, mayor Əsədov hücum əmri verdi və biz Şuşaya tərəf irəliləməyə başladıq. Tabor komandiri qarşıda gedirdi. Mən ondan geri qalmamağa çalışırdım. Birdən o mənə tərəf dönüb dedi:
– Leytenant, sən öz bölüyünlə arxamızca gəl. Şəhərin girişində qırğın olacaq. Baş çıxara bilməzsən.
Başa düşə bilmirdim, komandir qayğıma qalır, yoxsa Şuşaya birinci girmək şərəfini heç kimlə bölüşmək istəmir? İstənilən halda əmrə tabe olub bölüyümlə arxa cərgələrdə yer tutdum.
Şəhərin girişində, doğrudan da, əsl cəhənnəm idi. Düşmən gülləsi baş qaldırmağa imkan vermirdi. Mən ötən bir ay ərzində bir neçə döyüşdə iştirak etmişdim. Amma beləsini görməmişdim.
Nəhayət, bizim snayperlər düşmənin bir neçə pulemyotçusunu susdurdu. Elə bu vaxt şəhərin girişində mayor Əsədov göründü. Əlində üçrəngli bayrağımızı tutmuşdu. Onun hayqırtısı atəş səslərini batırdı:
– Haydı, əsgərim, irəli! Şuşa bizimdir!
Elə bu zaman o, yanında partlayan qumbaranın toz-dumanı içində görünməz oldu. Mən qeyri-ixtiyari ayağa qalxıb bölüyümü hücuma səslədim və irəli atıldım. Şəhərə daxil olanda qala divarının yanında yerə uzanmış Əsədovu gördüm. O, qan içində idi. Cəld ona yaxınlaşdım: