Nida işarəsi də latın dilindən alınıb. Cümlənin sonunda yazılan və latın dilində sevinc, heyrət bildirən “İo” nidası analoji yolla dəyişikliyə uğrayaraq müasir nida işarəsinə çevrildi.
Bu iki durğu işarəsinin mətndə yaratdığı məna çalarları çox zəngindir. Onların vasitəsilə maraq, şübhə, tərəddüd, təəccüb, heyrət, etiraz, sevinc, kədər və s. ifadə oluna bilir. Hələ “?!”, “!!!” işarələrinin cümləyə qatdığı emosional rəngləri demirik! Bu işarələr bəzən sözsüz də insanın fikrini çatdıra bilir. Kitab səhifələrinin kənarında oxucunun qoyduğu işarələr onun zövqü, düşüncə tərzi, hətta xarakteri haqqında müəyyən təsəvvür yaradır.
Böyük fransız yazıçısı Viktor Hüqo haqqında söylənilən əhvalat durğu işarələrinin malik olduğu ifadə imkanları baxımından maraqlıdır. Çox ciddi adam olan Hüqo hərdən zarafat etməyi sevərmiş. Növbəti kitabı çapdan çıxdıqdan sonra o, satışın necə getdiyini bilmək üçün naşirə məktub göndərir. Kağızda yalnız sual işarəsi -“?” yazılmışdı. Hazırcavab naşirin cavabı da çox qısa olur: boş kağızın ortasında nida işarəsi - “!”.
Yazıda ən çox işlənən durğu işarələrindən biri də vergüldür. Bu işarənin yaranma tarixi haqqında bir neçə fərziyyə var. Bunlardan biri ərəb dili ilə bağlıdır. Ərəblər yazıda vergülü əvəz edən “və” bağlayıcısından geniş istifadə edirdilər. Ərəb dilində bu söz yazıda bir işarə ilə - “و” (vav) hərfi ilə ifadə olunur, çünki bu dildə çox zaman sait səsləri bildirən hərflər yazılmır. Orta əsrlərdə ərəb dili, bu dildə yazılmış bədii və elmi əsərlər nəinki Şərqdə, hətta Avropada da geniş yayılmışdı. Ərəb dilindəki “və” bağlayıcısının qrafik işarəsi çox sadə olduğundan, güman etmək olar ki, naşirlər ondan vergül kimi istifadə etməyə başlamışlar.
Mətnlərin məzmun və təyinatına uyğun olaraq yazıda durğu işarələri ilə yanaşı, müxtəlif işarələrdən istifadə edilir. Bu işarələr fikrin daha aydın, qısa və lakonik ifadəsinə xidmət edir. Hər hansı elmi mətni oxuyub dərk etmək üçün hərfləri tanımaq kifayət deyil. Həmin elm sahəsində işlənən xüsusi işarələrin də mənasını bilmək lazımdır. Elmin, texnologiyanın sürətli inkişafı, informasiya bolluğu ilə xarakterizə olunan müasir dövrdə belə işarələrin sayı da günbəgün artır.