Qədim Göytürk dövləti, türk tayfaları, türk dili, adət-ənənələri haqqında ən geniş məlumatı üç böyük türkün - Kültigin, Bilgə xaqan və Tonyukukun şərəfinə qoyulmuş abidələrdən əldə etmək olur. Bu abidələr VI-VIII əsrlərdə mövcud olmuş böyük Göytürk imperatorluğunun yadigarıdır.
Kültigin və Bilgə xaqan doğma qardaş olmuşlar. 731-ci ildə Kültigin döyüşlərin birində həlak olur. Kiçik qardaşının ölümündən çox kədərlənən Bilgə xaqan onun şərəfinə qəbirüstü abidə ucaltdırır. Abidənin mətni Bilgə xaqanın dilindən yazılmışdır. O bu mətndə xaqanlığın möhkəmlənməsi yolunda özünün və qardaşının xidmətlərindən, hərbi yürüşlərindən, qələbələrindən fərəhlə danışır, onun vəfatından kədərləndiyini bildirir. Dünya tarixində indiyədək heç bir hökmdar özündən həm yaşca, həm də vəzifəcə kiçik olan qardaşı haqqında belə səmimi sözlər deməmişdir: “Kiçik qardaşım Kültigin həlak oldu, çox-çox üzüldüm. Kədərimdən görür gözüm görməz, bilir ağlım bilməz oldu. Özüm düşündüm: zaman da, həyat da tanrının əlindədir. İnsan oğlu ölümlü doğulmuşdur. Göz yaşımı axıdaraq, qəlbimin sızıltılarını boğaraq düşüncəyə daldım. Bütün millətimin ağlamaqdan gözü kor olacaq deyə düşündüm”.
Kültigin abidəsindən sonra Bilgə xaqan özü üçün də abidə qoydurmuş və burada, özünün dediyi kimi, “türk millətinin, türk dövlətinin adı, sanı yox olmasın” deyə görülən işlərdən bəhs etmişdir: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Orxon çayı sahilində tapılan ən böyük abidələrdən biri də Tonyukuk abidəsidir. Tonyukuk üç türk xaqanının - İltəris, Kapağan və Bilgə xaqanın vəziri, türk xaqanlığının ən bacarıqlı dövlət xadimlərindən biri olmuşdur. Abidədə göstərildiyi kimi, o, gəncliyində Çin sarayında təlim-tərbiyə almış, sonrakı illərdə döyüşlərdə və xaqanlığın xarici siyasətində əvəzsiz xidmətlər göstərmişdir.
Orxon-Yenisey abidələri qədim türk qəbilələrinin daşlaşmış tarixi, türk mədəniyyətinin və natiqlik sənətinin gözəl nümunəsidir. Çox vaxt “məzar poeziyası” adlandırılan bu yazılar türkdilli ədəbiyyatın zəmanəmizə gəlib çatmış ilk yazılı inciləridir.