Gündüz isə o, şüşəni hisə verməklə Günəşə tamaşa edirdi. Burada da hər şey qəribə idi. Günəşin üzərində ləkələr vardı. Zaman keçdikcə onlar Günəş diski boyunca yerini dəyişirdi. Deməli, Yer kimi, Günəş də öz oxu ətrafında fırlanır!
Qaliley “Ulduz müjdəçisi” adlı kitabında müasirlərini özünün qəribə kəşflərindən xəbərdar etdi. Bundan duyuq düşən keşişlər alimi allahsızlıqda təqsirləndirərək dəhşətli kilsə məhkəməsinə - inkvizisiyaya çağırıb hədələdilər. Əslində, Qaliley dindar idi, amma hesab edirdi ki, Allah insana hissiyyatı, nitq bacarığını və zəkanı verdiyinə görə bunlardan ən faydalı şəkildə istifadə olunmalıdır. Qaliley bilirdi ki, həqiqət kilsə kitablarında deyil. O deyirdi ki, əsl həqiqət həmişə gözlərimiz qarşısında olan böyük bir kitabda yazılmışdır. Bu kitab kainatin, təbiətin özüdür.
Qaliley nə gördüsə, nə düşündüsə, hamısını yeni kitabında yazdı. Lakin kilsə həmin kitabı qadağan etdi. Alimi həbsxanaya saldılar, işgəncə ilə hədələyərək Kopernikin təlimini inkar etməyi tələb etdilər.
Qaliley çox fikirləşdi. Nə etsin? Dediklərindən dönməyərək həmvətəni Bruno kimi edam edilsin? Bəs bütün kopernikçilər məhv olsalar, yeni ideyaları insanlara kim çatdıracaq? Həyatinı xilas etmək üçün 69 yaşlı Qaliley otuz üç il əvvəl Cordano Brunoya ölüm hökmü oxunan yerdə dizi üstə çökərək ona verilən imtina mətnini təkrar etdi. Deyirlər, məhkəmə qurtarandan sonra alim dodağının altında demişdi: “Onsuz da o (Yer) fırlanır”. Gözləri yaxşı görməyən bu qoca - böyük fizik, astronom, musiqiçi, rəssam və yazıçı bundan sonra düz doqquz il - ölən günə qədər ev dustağı oldu.
Qalileyin ölümündən 350 il sonra kilsə səhv etdiyini boynuna aldı.