Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer kainatin mərkəzidir, Günəş, Ay, planetlər onun başına dolanır. Əsrlər boyu insanlar Ptolemeyin təlimini yeganə düzgün təlim hesab etmişlər. Bu təlim keşişlərin və rahiblərin dünyanın yaranması haqqında dini təsəvvürlərinə uyğun gəldiyi üçün kilsə başqa cür düşünənlərə amansız divan tuturdu.
Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında kitab yazdı, amma kilsədən qorxduğu üçün kitabını çox gec, 70 yaşı olandan sonra ortaya çıxardı. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da bildirdi ki, Günəş Yerin ətrafında deyil, Yer Günəşin ətrafında fırlanır. Buna görə cəsur və üsyankar alimi 1600-cü ildə Romada kitabları ilə birlikdə tonqalda yandırdılar.
Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa başlayanda vəziyyət belə idi. Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çıxarmağı bacaran qeyri-adi adam idi. O, saat kəfkirinin necə yelləndiyini, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə edən mühüm qanunlar kəşf etmişdi.
Bir dəfə Qaliley öyrəndi ki, Hollandiyada müşahidə borusu ixtira edilib. Alim fikirləşdi: “Belə borunu gecə səmaya yönəltmək olmazmı?” Bu, cəsarətli fikir idi. Axı ruhanilər təlqin edirdilər ki, adamlar “Allahın işlərinə” nəzər salmamalıdırlar.
Beləliklə, Qaliley teleskop icad etdi. Ulduzlu gecələrdə onu səmaya tuşlayaraq bir çox maraqlı şeylər öyrəndi. Alim gördü ki, Süd Yolu saysızhesabsız ulduzlardan ibarətdir. Qaliley Ayda dağlar, kraterlər gördü.