1519-cu il idi. Kolumbun coğrafi kəşflərindən 27 il ötürdü. Ondan sonra Atlantik okeanı ilə qərbə doğru Ameriqo Vespuççi də səyahət etmişdi. Artıq hamı bilirdi ki, okeanın o tayında “Amerika” deyilən bir materik var və möcüzələr diyarı olan Hindistan heç də bu materikdə yerləşmir.
Hindistana Afrika sahillərindən keçən dəniz yolunu tapmış portuqallar heç kəsi bu yoldan keçməyə qoymurdular.
1519-cu ilin sentyabrında Magellanın başçılıq etdiyi ekspedisiya 5 gəmi, 265 nəfərlik heyətlə yola çıxdı.
1520-ci ilin marti idi. Ekspedisiya artıq Amerika sahillərinə çatmışdı. İndi də qərbə - böyük okeana keçmək üçün boğaz axtarırdı. Boğaz isə görünmürdü ki, görünmürdü. Kəşfiyyata göndərilmiş “Santyaqo” gəmisinin qayaya toxunaraq dağılması ekspedisiya üzvlərinə böyük zərbə oldu.
Oktyabrın ikinci yarısında Magellan yenə kəşfiyyata iki gəmi göndərdi. Dörd uzun, üzücü gün keçmişdi, amma gəmilərdən bir xəbər yox idi. Hamının qanı qara idi. Birdən keçiddə məşəllərin işığına qərq olmuş gəmilər göründü. Onlar öz flaqmanlarını salamlayırdılar. Boğaz tapılmışdı! Sonralar Magellan boğazı adlandırılan 600 km uzunluğunda olan bu boğaz iyirmi bir günə qət olundu. Bu müddət ərzində ekspedisiya gəmilərindən biri də itdi.
Böyük okean dənizçiləri gözəl hava ilə qarşıladı. Üç ay iyirmi gün qərbə doğru üzdülər. Bu müddət ərzində, bir dəfə də olsun, fırtına ilə üzləşməyən Magellan onu “Sakit okean” adlandırdı. Səfərin başa çatmasına hələ çox var idi. “San Antonio” gəmisinin xain heyəti əsas ərzaq ehtiyatı ilə birlikdə qaçıb İspaniyaya qayıtdı və yoldaşlarını ac qoydu. Bədbəxt dənizçilərin çoxu okeanda acından öldü. Nəhayət, dənizçilər çiçəkli bir sahil gördülər. Bu, Filippin adaları idi.