Günlər ötür, ətrafda isə Atlantik okeanının ucsuz-bucaqsız sularından başqa heç nə görünmürdü. Amma hündürboylu, möhkəm bədənli, cəsur kapitan ruhdan düşmürdü. Matroslar arasında isə narahatlıq getdikcə artırdı. Lakin Kolumb onların dilini yaxşı bilirdi. Bəzilərinə çoxlu qızıl vəd edir, bəzilərini isə hədələyirdi. Nəhayət, söz verdi ki, əgər üç gündən sonra torpaq görünməsə, geri qayıdacaqlar.
İki gün arxada qaldı. Artiq 70 gün idi ki, okeanda üzürdülər. Kolumbun hesablamalarına görə, artiq Hindistana çatmalı idilər. Belə çıxır ki, o, hesablamalarında yanılmışdı. Nə etməli? Sabah matroslara nə deyəcək? Yox! Əliboş geri qayıtmaq olmaz. Kraliçanın etibarını itirməkdənsə, ölmək yaxşıdır.
Birdən növbətçi matrosun qışqırığı eşidildi: “Torpaq! Torpaq görürəm!” Bu, Kolumbun sonradan San Salvador adlandırdığı Quanaxani adası idi. Bu yerlər bir çox səyahətçilərin təsvir etdiyi Hindistanı xatırlatmırdı. Lakin Kolumbu və onun matroslarını indi yalnız bir şey maraqlandırırdı: okean sularının əsarətindən azad olmaq, quruya ayaq basmaq.
Bu səfər zamanı Kolumb Kubanı və gözəl Haiti adasını da kəşf etdi. Burada avropalılar ilk dəfə qarğıdalı, kartof, tütün gördülər. Onları hər yerdə qırmızıdərili, ucaboy, gülərüz insanlar qarşılayırdılar. İspanlar bu adamları hindular adlandırdılar, çünki Kolumb Hindistana gəlib çıxdığını zənn edirdi.
Beləliklə, indi Amerika adlanan ərazi kəşf edildi. Bu kəşfdən sonra Amerika torpaqlarının müstəmləkəyə çevrilməsi başlandı. Qızıla hərislik avropalıların gözünü tutmuşdu. Onlar burada tapdıqları qızılla kifayətlənmir, hinduları əsir götürərək İspaniyaya aparıb qul kimi satırdılar.
Kolumb Amerikaya daha üç səfər təşkil etdi və ömrünün sonuna qədər də yeni qitə kəşf etdiyini başa düşmədi.