Şampolyonun uşaq yaşlarından qədim dillərin öyrənilməsi və araşdırılmasına böyük marağı var idi. 16 yaşında ikən o artıq on iki dil bilirdi. Gənc alim 19 yaşında tarix üzrə professor adını almışdı.
Jan əvvəlcə hər bir heroqlif işarəsinin bir səsi bildirdiyini əsas götürərək mətni oxumağa cəhd etdi. Amma onu bu yolla oxumağa müvəffəq olmadı. Onda qərara gəldi ki, araşdırmalarını “bir işarə - bir söz” prinsipi ilə davam etdirsin. Lakin bu da öz nəticəsini vermədi.
Şampolyonun özünə inamı sarsılmışdı. O, masanın arxasından qalxdı. Otaqda yeyin addımlarla gəzişməyə başladı. Əsəbləri gərilmişdi, beynində bütün mümkün variantları analiz edirdi. Birdən addımlarını yavaşıtdı. Masasına yaxınlaşdı. Bəlkə də, yüzüncü dəfə mətni diqqətlə nəzərdən keçirdi. Rozetta daşı üzərində həm heroqliflərlə, həm də qədim yunan dilində yazılmış mətnlər var idi. Çox güman ki, onların məzmunu eyni idi. Amma işarələrin mənasını bilmirsənsə, bunun nə faydası?!
Birdən Şampolyonun ağlına bir fikir gəldi. Bəlkə, qədim misirlilərin yazısında hər bir heroqlifin iki təyinatı var? Bəlkə, heroqliflər bəzən bütöv sözü, bəzən isə yalnız bir hərfi ifadə edir? Necə ki biz “səkkiz” sözünü bircə işarə - 8 rəqəmi ilə ifadə edirik, bəlkə, onlarda da heroqliflər bu funksiyanı yerinə yetirə bilir. Şampolyon daha bir şey xatırladı: yəhudi və ərəb əlifbalarında sait səsləri bildirən hərflər yoxdur. Ola bilər ki, qədim Misir yazılarında da sait bildirən hərflərdən istifadə olunmurdu.
Gənc alim yenidən masasının arxasına keçdi. Baxışları Rozetta daşının yazılarına tuşlandı: “Maraqlıdır, nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınıb? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha! Qədim yunan yazısında Misir fironu Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk dörd işarə “p”, “t”, “o”, “l” hərfləridir.
Beləliklə, qədim Misir heroqlifləri ilə yazılmış ilk iki söz oxundu: Ptolemey və Kleopatra. Qısa müddət ərzində Şampolyon digər heroqliflərin də sirrini açdı.
Rozetta daşının oxunması qədim dünya tarixinin öyrənilməsində və Şampolyon tərəfindən yeni elmin - misirşünaslığın əsasının qoyulmasında böyük rol oynadı.