Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər?neçənci?suallarına cavab olur. Məsələn: iki, on beş, minlərlə, xeyli, yüz qırx üçüncü və s.
Sayların mənaca 2 növü var: miqdar sayları və sıra sayları.
Miqdar sayları əşyanın miqdarını, kəmiyyətini bildirir və neçə? nə qədər? suallarına cavab olur: beş kitab, çox iş, üçdə iki hissə .
Sıra sayları əşyanın sırasını bildirir, neçənci?, bəzən də hansı? sualına cavab olur: altıncı sinif, on ikinci mərtəbə. Sıra sayları müəyyən miqdar saylarına, eləcə də əvvəl, axır, son sözlərinə -ıncı4 şəkilçisi artirmaqla düzəlir: beşinci, iyirmi dördüncü, sonuncu.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli hesaba dair dərsliklər də yazmışdır. Onun 1907-ci ildə nəşr edilmiş “Hesab məsələləri” kitabı üç hissədən ibarətdir. I hissədə birrəqəmli ədədlərdən, ikincidə yuvarlaq onluqlardan, üçüncüdə isə ikirəqəmli ədədlərdən bəhs olunur. Kitabda 352 məsələ və dörd hesab əməlinə aid çoxlu misal vardır.