Bir neçə dəqiqədən sonra Karl tapşırığı yerinə yetirdiyini və cavabı tapdığını söyləyib lövhəsini müəllimin yazı masasına qoyur. Müəllim şübhə ilə ona baxır, hətta hədələyir: “Səhv olsa...”, - başı ilə qamçını göstərir. Uşaq cəsarətlə deyir: “Mən düz hesablamışam, cənab müəllim!” Dərsin sonuna qədər bütün şagirdlər tapşırığı yerinə yetirib lövhələrini müəllimə verirlər. Müəllim tapşırığı yoxlayıb heyrətə gəlir: hamının cavabı səhv idi, Karlın cavabından başqa. Onun lövhəsində “5050” yazılmışdı. Müəllim çox təəccüblənir: 10 yaşında uşaq bir neçə dəqiqəyə bu cəmi necə hesablamışdı?
Karl başa düşmüşdü ki, 1-dən 100-ə qədər ədədlər sırasında 1-ci və sonuncu, 2-ci və sonuncudan əvvəlki, yəni kənardan eyni uzaqlıqda olan ədədlərin cəmi eynidir: 1+100=101; 2+ 99=101, 3+98=101... 100-ün içində belə cüt ədədlərin sayı 50 dənə idi. 50-ni 101-ə vuraraq cavabı asanlıqla tapmışdı: 5050. Bu, balaca istedadın ilk riyazi kəşfi idi.
Sonralar bu uşaq dünyanın ən böyük riyaziyyatçılarından biri oldu. İndi Karl Fridrix Qauss adı elmdə hamıya tanışdır. Müasirləri onu “riyaziyyatçıların şahı” adlandırmışdılar. O, fizika və astronomiya ilə də məşğul olur, bir çox dillərdə sərbəst danışırdı. 78 yaşında vəfat etmiş Karl ömrünün sonuna qədər hesablamaların çox hissəsini, vərdiş etdiyi kimi, beynində aparırdı.