ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1
Mətnlərdən çıxış edərək cümlələri tamamlayın.
- “...” mətnini daha çox bəyəndim, ona görə ki ... .
- “...” mətnində ... obrazın mövqeyi ilə razılaşmadım, çünki ... .
- Hesab edirəm ki, “...” və “...” mətnlərinin ideyaları oxşardır (fərqlidir), çünki ... .
2
İsim və sifətləri qruplaşdırın.
azarkeş, palıdı, yağışlı, şəhərli, atlı, cəfakeş, qoruq,
hörmə, dondurma, qurucu, satıcı, yaşıllıq, qorxaq
3
Mətni oxuyun. Düzəltmə isim və sifətləri seçin, suallara cavab verməklə onların yaranma yollarını izah edin:
- Hansı nitq hissəsidir?
- Hansı nitq hissəsindən yaranmışdır?
- Hansı şəkilçinin köməyi ilə yaranmışdır?
Xınalıq kəndinin camaatı şadyanalıq edirdi. Artıq kəndə yeni yol çəkilirdi.
Kəndlilər yol sarıdan çox əziyyət çəkirdilər. Dağlıq ərazi olduğundan burada maşın yolu yox idi. Yağışlı günlərdə yolda tez-tez sürüşmə baş verir, gediş-gəliş daha da çətinləşirdi.
Ancaq yolun çəkilişi heç də asan başa gəlmirdi. Ona görə buraya bir neçə yüksək səviyyəli peşəkar mühəndis cəlb olunmuşdu. İşçilər böyük həvəslə işə girişmişdilər. Yaxşı deyiblər: “Yol çəkənin yeri cənnətdir”.
Budur, artıq iki maşınlıq yol uzandıqca uzanır.
Sürüşkən, dağınıq yollar hamar, möhkəm olmuşdur. Turistlərin sayı çoxalmışdır. Onlar Xınalıq
kəndinin sərin havasına, laləli yamaclarına, ulduzlu gecələrinə heyran qalırlar.
Azərbaycan təbiətin yaratdığı möcüzəli bir diyardır. Ancaq möcüzənin də diqqətə, qayğıya ehtiyacı var. Doğma yurdumuza sevgi verək, gözəlliyindən bizə pay versin. Yolunuz daim açıq olsun!
4
Tələffüz formasında verilmiş yönlük və çıxışlıq halda işlənən isimləri düzgün yazmaqla cümlələri dəftərinizə köçürün.
- İndi yolumuz Lənkərannan keçəcək.
- Uşaq atasınnan güclüsünü bilməz.
- Araba bir anda dəriyə yuvarlandı.
- Xannan gələn nökərəm, dinmə, dişlərini tökərəm.
- Aslan təliyə düşmüşdü. Gah qocuya baxıb qəzəblə nərildəyir, gah da ağrıdan yerə uzanıb qıvrılırdı.
- Qocadan demək, cavannan kömək.
- Tamaşıya baxmağa xeyli adam gəlmişdi.