Aygün qızın əlindən tutub doktor Maksvelin yanına gətirdi:
- Doktor, bu qız pasiyentin bacısıdır, - dedi. - Bəlkə, qan qrupları eynidir?
- Axı o lap balacadır.
- Başqa çarəmiz yoxdur, doktor. Məncə, problem olmaz. Sağlam qıza oxşayır.
- Yaxşı. Qanını analiz edin.
Birazdan məlum oldu ki, bacılar eyni qan qrupuna malikdirlər. Allen Maksvel qıza yaxınlaşıb soruşdu:
- Adın nədir?
- Nərminə.
Aygün onların danışığını tərcümə edirdi.
- Nərminə, bacın çoxlu qan itirib. Öz qanından ona verməyə razısan?
Nərminənin gözləri yaşardı. Titrək səslə dedi:
- Yoxsa ölər? - deyə soruşdu.
Doktor qeyri-müəyyən tərzdə başını tərpətdi. Qız dedi:
- Hə, razıyam.
Nərminəni çarpayıda uzatdılar. O, bir müddət damarından çıxan qanın şüşəyə necə dolduğuna baxdı. Sonra üzünü yana çevirib hıçqırmağa başladı. Qızcığaz tir-tir əsirdi. Maksvel narahat oldu:
- Nə olub, Nərminə, ağrıdır?
- Yox, - deyə Nərminə ağlaya-ağlaya cavab verdi.
Qanköçürmə əməliyyati bitdi. Nərminə gözünü yumub çarpayıda uzanmışdı. Doktor yaxınlaşıb Nərminənin başını sığalladı:
- Çox sağ ol, Nərminə, sən yaxşı bacısan.
Nərminə gözlərini açıb soruşdu:
- O sağalacaq?
- Əlbəttə, söz verirəm.
- Bəs mən nə vaxt öləcəyəm?
Aygün bu sözləri tərcümə edəndə Allen Maksvel özünü itirdi.
- Sən niyə ölməlisən ki?
- Axı siz mənim qanımı aldınız.
- Nərminə, biz sənin qanının az bir hissəsini aldıq. Bundan heç nə olmur. Belə şeydən adam ölmür.
Sonra qızcığaza baxıb soruşdu:
- Öləcəyini düşünürdünsə, niyə qanını verməyə razı oldun?
- Axı o mənim bacımdır...
Maksvel heyranlıqla başını bulayıb Aygünə dedi:
- Neçə ölkədə işləmişəm. Sizin insanlardakı altruizmə heç yerdə rast gəlməmişəm.