1992-ci il idi... Qızıl Aypara Cəmiyyətinin səyyar tibb məntəqəsi cəbhə xəttindən 40 kilometr aralıda - Ağdam rayonunun ərazisində yerləşdirilmişdi. Burada işləyən həkimlərdən biri əcnəbi idi. Əslən şotland olan cərrah Allen Maksvel hər gün bir neçə ağır yaralı üzərində əməliyyat aparmalı olurdu. Tibb bacılarından yalnız Aygün
Günorta xəbər gəldi ki, düşmən cəbhə bölgəsindəki kəndlərimizdən birini bombardman edib. Birazdan yaralıları maşınla tibb məntəqəsinə gətirəcəklər. Doktor Maksvel göstəriş verdi ki, böyük palatalardan birini yeni gətirilən yaralılar üçün hazırlasınlar.
Gələnlərin arasında dörd uşaq da var idi. Yeddi yaşlı bir qız uşağının vəziyyəti çox ağır idi. Mərmi qəlpəsi onun çiynini yaralamış, qız xeyli qan itirmişdi. Allen Maksvel ilk növbədə həmin qızı əməliyyat otağına aparmağı tapşırdı. Doktor onu müayinə etdikdən sonra bildirdi ki, yaralıya təcili qan köçürülməlidir. Tərslikdən qızın qanı nadir qan qrupundan idi.
O dəqiqə məntəqəyə xəbər yayıldı: “Yeddi yaşlı qızı xilas etmək üçün qan lazımdır. IV qan qrupu olan könüllülərdən xahiş olunur, tibb bacısı Aygünə müraciət etsinlər”.
Yeni gələn uşaqlardan biri – doqquz yaşlı bir qız həyəcan içində əməliyyat otağının qarşısında vurnuxurdu. O axsayırdı, bombardman zamanı qaçarkən ayağı burxulmuşdu. Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı. Nəhayət, o, əməliyyat otağına daxil olan Aygünün xalatından yapışdı:
– Xala, olar, mən də içəri keçim?
– Yox, balaca, bu otağa girmək olmaz. Get palatana, həkim indi gəlib ayağına baxar.
– Nə olar, qurban olum, qoy keçim də! Axı o mənim bacımdır.
Aygün “Yox, yox, olmaz”, – deyib içəri keçmək istəyirdi ki, birdən ayaq saxlayıb qıza tərəf döndü:
– Doğrudan, sənin bacındır?
– Hə, vallah, bacımdır.