Oğlu süfrədən durub atasını bərk-bərk qucaqladı: “Mən də böyüyəndə sənin kimi olacağam”, - dedi. Ata oğlunu qucaqlayıb başını sığalladı. Zorla gülümsədi.
Ata yeməyini bitirmədən durub ağır addımlarla iş otağına keçdi. Stulunda əyləşib fikrə daldı. Ürəyi sıxılırdı. Gözü oğlunun masanın üzərindəki şəklinə sataşdı və beynində “Mən də böyüyəndə sənin kimi olacağam” sözləri əks-səda verdi.
- Allahım, mən nə edirəm?! - deyə öz-özünə pıçıldadı.
Telefon dəstəyini götürüb işlədiyi xəstəxanaya zəng vurdu.
- Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng vurun. Deyin, indi təcili xəstəxanaya gəlsin. Əməliyyat olunacaq. Otağı da hazırlayın. Mən gəlirəm.
- Axı demişdiniz, pulu gətirməsələr, əməliyyat olmayacaq. Onlar hələ pulu ödəməyiblər.
- Nə deyirəm, onu da edin. Çatdırın ki, pul lazım deyil. Təcili olaraq xəstəni gətirsinlər.
- Burada da heç kim yoxdur. İş saati bitib.
- Zəng eləyin, hamını yığın. Həkimlər üçün iş saati bitmir. Artıq söz istəmirəm. Mən gələndə hər şey hazır olsun.
- Baş üstə.
Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol boyunca dünən yanına gələn xəstənin qohumu ilə olan söhbəti xatırladı:
“- Təcili əməliyyat olunmalıdır. Pulu ödəyin, həkimlər xəstəni əməliyyata hazırlasınlar.
- Qurban olum. Mən bu qədər pulu bir günə necə tapım? Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat eləsəniz, ömrüm boyu sizə minnətdar olaram. Bir həftəyə pulu gətirəcəyəm.
- Xanım, xəstəxananın öz qaydaları var. Bura mağaza deyil ki, nisyə dəftərimiz olsun. Əgər belədirsə, burada yazılan dərmanları verin, ağrısı azalacaq. Pulu ödəyən kimi də əməliyyat olunacaq”.
Bütün bu söhbətləri xatırladıqca utanırdı. Hələ indiyə qədər belə vicdan əzabı çəkməmişdi.
...Əməliyyat uğurla keçdi. Xəstəyə narkoz verildiyinə görə hələ ayılmamışdı. Reanimasiya otağından çıxanda dünən söhbət etdiyi xanımı gördü. Başını aşağı saldı. Bu yaşına qədər hələ heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti yayındırsın, üzr istəməsin, amma oğlunun sözləri yadına düşdü: “Mən də böyüyəndə sənin kimi olacağam”.
- Xanım, bağışlayın. Dünənki söhbətə görə çox utanıram.
- Allah bağışlasın. Hamımızın gözünün tutulduğu an olur.