- Atam gəldi. Uraa!!!
- Gəl görüm qucağıma. Ay səni, dəcəl! Günü-gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəyəm.
- Bəli, mən böyük kişiyəm artiq. Bu gün müəllim inşamı təriflədi.
- Nə gözəl! Afərin sənə! Sükanı belə saxla!
- Baş üstə, amma sən də velosiped alacağına söz vermişdin ha.
- Söz vermişəmsə, alacağam. Qoy gedim, əllərimi yuyum. Gələrəm, söhbət edərik.
Birazdan ata-oğul söhbəti şam süfrəsi arxasında davam etdirdilər.
- Hə, de görüm, günün necə keçdi? - deyə ata soruşdu.
- Ata, bilirsən, bu gün Asiflə dalaşdıq. Birinci o başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.
- Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!
- Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik. Dedi ki, “Allah insanlara şüur verib, dil verib. Aranızda nə varsa, danışaraq həll edin. Dalaşaraq nəyisə həll etmək insan olmayan varlıqlara aiddir”. Düz deyir, ata?
- Həə... Düz deyir.
Ata nədənsə qızardı. Tez söhbəti dəyişdi:
- De görək, yazdığın inşanın mövzusu nə idi?
- “Həyatda kimə oxşamaq istərdim?”
- Sən nə yazdın?
- Yazdım ki, mən atama oxşamaq istəyirəm.
- Afərin sənə.
- Hə, yazdım ki, atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir.
Atanın iştahası nədənsə kəsildi. Artıq oğlunun söhbətinə qulaq asmaq istəmirdi. Oğul isə dayanmaq bilmirdi:
- Müəllim inşanı oxudu və məndən sənin adını soruşdu. Mən də dedim. Sonra dedi ki, atana halal olsun, dünyada belə insanlar azdır.