Oğlan satıcını birtəhər yola gətirib danışıq kartı aldı. Bir müddət sonra qayıdıb məni yaxşı pulla dəyişdirdi. Heç nə başa düşmədiyimi fikirləşsə də, mənimlə danışdı: “Allah səni mənim qabağıma çıxarmasaydı, işlərim çox pis olacaqdı. Səni özümdə saxlayardım, amma fikirləşirəm ki, bəlkə, Allah səni başqasının qabağına çıxaracaq və ona da kömək edəcək”. Oğlan bu sözləri deyib məni küləyin ixtiyarına verdi.
Hava yavaş-yavaş qaralırdı. Bu dəfə məni balaca bir oğlan götürdü. Əlində tutub üzümə baxırdı. Qabaqda gedən kök bir kişi uşağı səslədi:
- O nədir, götürmüsən? Neyləyirsən cırıq manatı? Camaat atandan pul istəyir, sən də yerdən cırıq manat götürürsən. At onu.
- Ata, qoy bu gün məndə qalsın, sabah ataram.
Və mən bütün gecəni o uşağın cibində qaldım. Səhər uşaq həyətə düşdü. Məni balaca bir qıza uzatdı və dedi:
- Al bunu, get, özünə istədiyin şokoladı al. Bu pula şokolad verirlər, atam alanda görmüşəm.
Balaca qız oğlana təşəkkür edib məni götürdü, ovcunda sıxaraq mağazaya doğru qaçdı. Mağazaya girən kimi şokoladlar olan tərəfə getdi. Qızın baxışlarını görən hər kəs başa düşərdi ki, o bu şokolada hər dəfə yalnız baxmaqla kifayətlənib, indi isə arzusuna çatacaqdı. Əlbəttə ki, satıcı pulu götürsə. Amma təəssüf... Kassadakı qadın məni götürmək istəmirdi. Bu zaman arxadan yaşlı bir kişi səsi eşidildi:
- Qızım, gəl manatlarımızı dəyişək. Al bunu, əlindəkini mənə ver.
Kişi məni götürdü. Qız şokoladını alıb qaçanda mən çox sevinirdim və buna görə yeni sahibimə çox minnətdar idim.
Bəli, əziz qardaşım, bu bir neçə gündə mən çox adamın əlinə düşdüm. Gördüm ki, mənə ehtiyacı olanlar da var, mənə yuxarıdan aşağı baxanlar da. Adətən, insanlar sizi - mənim “böyük qardaşlarımı” itirməkdən qorxurlar, mənə isə o qədər də fikir vermirlər. Amma çoxu məni əhəmiyyətsiz saysa da, bu müddət ərzində mən darda qalanları xilas etdim: kiminsə qarnını doyurdum, kimi isə arzusuna çatdırdım...
Nə isə... Bu qədər... Səninlə sağollaşıram.
Görüşmək ümidi ilə: kiçik qardaşın Bir Manat.