Əziz qardaşım Yüz Manat! Çoxdandır, görüşmürük. Bu müddət ərzində başıma nələr gəldiyindən xəbərsizsən. İstərdim ki, yaşadıqlarımı səninlə bölüşüm.
Bir gün məktəbli oğlanın cibində oturmuşdum. Bu vaxt dostları ona yaxınlaşdılar. Danışıqlarından belə başa düşdüm ki, nəsə almaq istəyirlər. Oğlan əlini cibinə saldı və məni işıqlığa çıxartdı. O, pulu ortaya qoyanda dostları məni görüb dedilər:
- Bunu at. Kim cırılmış manat götürər?
Oğlan başqa pulları dostlarına verdi, bir qədər mənə baxdı və bir daşın üstünə qoydu.
- Bəlkə, kiməsə lazım olar, - deyib getdi.
Mən onu nə qədər çağırdımsa da, eşitmədi.
Külək daşın üstündə durmağa imkan vermədi. Məni havaya qaldırdı. Bir xeyli küçələrdə, parklarda uçdum. Heç kəsə lazım olmamağım məni kədərləndirirdi.
Birdən kimsə məni tutdu. Orta yaşlı bir kişi idi. Astadan: “Nə yaxşı oldu. Bu gün yol pulunu Allah yetirdi”, - dedi.
İnana bilmirdim ki, nəhayət, kiminsə işinə yarayacağam. Kişi məni cibinə qoyub əli ilə möhkəm tutmuşdu. Avtobusa mindi. Bir müddət sonra özümü bir qutuda, qardaşlarımın arasında gördüm. Sonra kiminsə çirkli əlləri məni götürüb o tərəf-bu tərəfə çevirdi və hirslə avtobusdan bayıra atdı. Külək məni yolun qırağındakı otluğa saldı.
Yaxınlıqdan bir oğlan keçirdi. O məni görüb dedi:
-Allahın işinə bax. Təcili zəng etməli idim. Telefonumda da danışıq vaxtı qurtarıb.
Cavan oğlan qarşıdakı dükana girib satıcıya yaxınlaşdı:
- Dayı, bu pul bir az cırılıb. Amma sizdən xahiş edirəm, bu pulu götürüb mənə danışıq karti verəsiniz. Uzağı yarım saata başqa manat gətirib dəyişdirəcəyəm.