- Dostum, söhbəti uzatdın ha! - Əşrəf əmi ərklə dedi. - Mən sənin işlərinə qarışmıram ki. Sən də mənim işimə qarışma. Onu da sağ ayağı olmayan adama satacağam. Hə, yeri gəlmişkən, sən bu məktəbdə oxuyursan, eləmi? Mən bu məktəbin uşaqlarına hər ayaqqabıda beş manat güzəşt edirəm. Deməli, sənin mənə borcun beş manatdır.
Dükan sahibi uşağın çaşqın nəzərlərinə fikir vermədən onun köhnə ayaqqabısını çıxarıb yenisini geydirdi.
- Əla! - deyə öz işindən razı halda ayağa qalxıb ayaqqabıya baxdı. - Uşaqlar sənə həsəd aparacaqlar.
Sonra Əşrəf əmi uşağın köhnə ayaqqabısını götürüb ora-burasına baxdı:
- Bu ayaqqabını daha geyinməyəcəksən?
- Yox.
- Mən bu ayaqqabını alardım. Neçəyə deyirsən?
Uşaq heyrətlə dükan sahibinə baxdı:
- Siz nə danışırsınız?! Onun dabanı yırtılmaq üzrədir.
Əşrəf əmi gülümsündü.
- Dostum, sənin ayaqqabı alverindən başın çıxmır. Heç mağazada satılan cins şalvarları görmüsən? Ağarmış, dizi yırtıq şalvarları. Bəziləri belə geyim üçün əldən-ayaqdan gedir. Güman edirəm ki, sənin bu ayaqqabını ən azı on beş manata sata bilərəm. Beş manat mənim satıcılıq haqqım, beş manat da təzə ayaqqabı üçün sənin borcun. Deməli, mənim sənə beş manat borcum qalır.
Bunu deyib Əşrəf əmi cibindən beş manat çıxartdı və uşağa uzatdı.
Balaca oğlan hadisələrin bu cür gedişindən özünü tamam itirmişdi. Hər şey ona yuxu kimi gəlirdi. Anasının ayaqqabı üçün verdiyi 15 manata qənaət etmişdi. Hələ, üstəlik, ona pul da təklif edilirdi.
- Yox, götürmərəm, - dedi. - Siz mənim üçün endirim etdiniz. Mən də sizin üçün endirim edirəm.
- Nə yaxşı! Çox sağ ol. Vallah, bu gün mənim üçün çox uğurlu gündür.
Əyilib uşağın üzündən öpdü. Oğlan da qoltuqağacını buraxıb iki əli ilə onun boynunu qucaqladı. Bu zaman o, Əşrəf əminin gözünün necə yaşardığını görmədi.