Tanya beş yaşında, qəşəng, amma yaşına görə çox ciddi qızdır. Onun Andrey adlı balaca bir qardaşı var. Tanya qardaşını çox sevir, böyüklər kimi onun hər şıltaqlığına dözür.
Bir dəfə o, təsadüfən valideynlərinin Andrey haqqında söhbətini eşitdi. Atası ümidsiz halda gözüyaşlı anasına deyirdi: “İndi Andreyi yalnız möcüzə xilas edə bilər”.
Tanya bilirdi ki, qardaşı ağır xəstədir və valideynləri onun müalicəsinə pul çatdıra bilmirlər. Hətta kirayə qaldıqları mənzili də daha ucuzuna dəyişmişdilər, çünki atası həm Andreyin müalicə xərclərini, həm də ev üçün kirayə haqqını ödəyə bilmirdi.
Atasının sözlərini eşidən Tanya öz yataq otağına getdi, pullarını saxladığı daxılı açıb içindəkiləri çarpayının üstünə tökdü. Pulları diqqətlə saydı. Otuz rubl otuz qəpik idi. Sonra onları cibinə qoydu, küçəyə çıxıb aptekə tərəf qaçdı.
Tanya kənarda durub əczaçının ona diqqət yetirəcəyini səbirlə gözləyirdi. Lakin başqa bir adamla söhbət edən əczaçı, deyəsən, heç qızı görmürdü. Tanya onun diqqətini cəlb etmək üçün yavaşca öskürdü. Heç bir reaksiya olmadı. Bərkdən öskürməyə başladı. Yenə heç nə alınmadı. Nəhayət, cibindən qəpik çıxarıb şüşəni döyəcləməyə başladı. Bunun təsiri oldu.
- Hə, bağışla, balaca, - deyə əczaçı, nəhayət, Tanyaya tərəf döndü. - Neçə ildir, qardaşımı görmürdüm. Başım onunla söhbətə qarışdı.
- Lap yaxşı, elə mən də öz qardaşım haqqında danışmaq istəyirəm, - deyə Tanya ciddi görkəmlə cavab verdi. - Bilirsiniz, o çox, çox xəstədir... və mən möcüzə almaq istəyərdim.
- Nə?!
- Onun adı Andreydir və onun başında nə isə pis bir şey böyüyür. Atam deyir ki, indi onu ancaq möcüzə xilas edə bilər. Deyin, bu möcüzə neçəyədir?
- Mənim balam, biz burada möcüzə satmırıq. Bağışla, mən sənə kömək edə bilməyəcəyəm.