Dinozavrların qalıqları bütün qitə və materiklərdə tapılmışdır. Bu o deməkdir ki, dinozavrlar planetin bütün hissələrində məskunlaşmışdılar. Tapılmış qalıqlar sübut edir ki, dinozavrlar müxtəlif skelet quruluşuna və ölçüyə malik olmuşlar. Hinduşka ölçüsündə olan dinozavrlarla yanaşı, dördmərtəbəli ev hündürlüyündə, on-on iki fil ağırlığında dinozavrlar da olmuşdur. Onların arasında quruda hərəkət edən, uçan və suda yaşayanlar var idi.
Paleontoloqlar dinozavrların mindən çox növünü aşkar etdilər. Bu tədqiqatlar hələ də davam etdiyinə görə onların yeni növlərinin aşkar olunacağı istisna deyil.
Əvvəllər alimlər dinozavrların məməlilər sinfinə aid olduğunu, yəni balasını bətnində bəsləyərək dünyaya gətirdiyini düşünürdülər. Lakin 1859-cu ildə Fransa ərazisində dinozavrlara məxsus yumurtalar tapıldı. Beləliklə, dinozavrların yumurta qoyaraq çoxaldığı məlum oldu. 1995-ci ildə isə Çin ərazisində dinozavr yumurtalarının kütləvi şəkildə basdırıldığı yer tapıldı. İndiyədək tapılmış dinozavr yumurtaları arasında ən böyüyü də məhz burada aşkar edilmişdir. Həmin yumurtanın uzunluğu 45 sm-ə bərabər idi.
Bəs necə oldu ki, dinozavrların nəsli kəsildi? Alimlərin fikrincə, buna səbəb Yer planetində baş verən iqlim dəyişikliyi olmuşdur. Bu dəyişiklik zamanı dinozavrların qidasını təşkil edən bir çox bitkilərin və heyvanların məhv olması dinozavrların özlərinin də məhvinə gətirib çıxarmışdır.
Müasir dövrdə texnikanın güclü inkişafı dinozavrlarla bağlı araşdırmalarda yeni nailiyyətlərin əldə olunmasına inamı artırır.