Xəbərlik şəkilçisi qəbul etmiş adlar (isim, sifət, say, əvəzlik və zərflər) cümlədə ismi xəbər olur. Bu sözlər cümlədə təsdiq bildirir, onların inkarını bildirmək üçün deyil sözündən istifadə olunur. Bu zaman xəbərlik şəkilçiləri deyil sözünə artırılır. Məsələn: Mən şagirdəm - Mən şagird deyiləm. Sən birincisən - Sən birinci deyilsən.
İsmi xəbərlər söz birləşmələri, məsdər, feili sifətlə də ifadə oluna bilər. Məsələn: Gələcəkdə müəllim olmaq Əlinin arzusudur. Məqsədim yarışda qalib gəlməkdir. Qonaqların çoxu xaricdən gələnlərdir.
Var, yox, lazım, gərək, mümkün, bəs sözləri də suala cavab vermədən dilimizdə müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Süfrədə cürbəcür yeməklər var idi. Sənin bu xalq üçün etdiklərinin sayı-hesabı yoxdur. Sizi işə qəbul etməyimiz mümkün deyil.