1896-cı ildə Afinada keçirilən ilk beynəlxalq Olimpiya oyunlarında marafon atletləri məhz 40 km, yəni vaxtilə Fidippidin qət etdiyi məsafəni qaçmışdılar. Lakin sonradan bu məsafə düz alt dəfə dəyişdirilmişdir. Bu dəyişikliklərə səbəb, ilk növbədə, Olimpiya oyunlarının fərqli ölkələrdə keçirilməsi idi. Oyunlara ev sahibliyi edən ölkə özü lazım bildiyi məsafəni seçirdi. Bu rəqəm 40 km ilə 42 km 750 m arasında dəyişirdi.
1921-ci ildə Beynəlxalq Yüngül Atletika Federasiyası tərəfindən verilən qərara əsasən, Marafon qaçışı üçün məsafənin vahid standart qəbul edildi. Həmin standart bu günədək dəyişməz qalır. Bu marafon məsafəsinin yaranma tarixi də maraqlıdır.
1908-ci ildə London Olimpiadasında Marafon qaçışının başlanğıc nöqtəsi olaraq Vindzor sarayının önündən keçən küçə seçildi. Bu, kral ailəsinin yarışı saraydan izləyə bilməsi üçün idi. Kral ailəsinin bəzi üzvləri isə “Vayt Siti” idman meydançasında onlar üçün ayrılmış lojada olacaqdılar. Ona görə də qaçış həmin lojanın önündə bitməli idi. Vindzor sarayından idman meydançasına qədər olan məsafəni ölçdükdə məlum oldu ki, marafonçular 42 km 195 m məsafəni qət etməlidirlər.
Həmin il marafonçuların qət etdiyi məsafə sonradan Marafon qaçışının beynəlxalq standartına çevrildi.
O vaxtdan bəri bu qayda yalnız bir dəfə - 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunları zamanı pozulmuşdur. Adı tarixə düşmüş afinalı döyüşçünün xatirəsinə hörmət əlaməti olaraq marafonçular 42 km 195 m deyil, 40 km məsafəni qət etmişlər.