Müharibəyə birinci olaraq Çin imperatoru Lyu Banq başladı. O, sərkərdə Xan Sin başda olmaqla qoşunlarını hunlara qarşı göndərdi. Xan Sin hunların döyüş rəşadətinə və qələbə əzminə bələd idi. Buna görə də ordunu əbəs yerə qırğına vermək istəmədi. O, tez bir zamanda təslim olub hunlara xidmət etməyə razılıq verdi. Bu xəbəri eşidən Çin imperatoru qəzəblənib böyük qoşunla hunlara qarşı hücuma keçdi.
Miladdan öncə 202-ci ilin şaxtalı qış ayları idi. Sibir çöllərinin sonsuz düzənlərində acı küləklər vıyıldayırdı. Qoşunların ön dəstələri üz-üzə gələndə gözlənilməz bir hadisə baş verdi. Hunların qara atlı süvariləri günbatana tərəf dönüb ağır-ağır uzaqlaşmağa başladılar. Bu xəbər Lyu Banqa çatanda o, hunları təqib etməyi əmr etdi.
Mete niyə geri çəkilirdi? Heç kim bilmirdi. Dahi ona görə dahidir ki, Tanrı ən gərgin anlarda ən doğru qərarı onların ürəyinə pıçıldayır.
Lyu Banq başda olmaqla Çin ordusu hunları təqib edə-edə Pinçen vilayətinə gəlib çıxdı. Birdən xəbər gəldi ki, uzaqdan hunlar görünürlər. Sonra başqa bir cinahdan da eyni xəbər gətirdilər. Üç yüz minlik ac, yorğun Çin ordusu özünə gəlməmiş Metenin ildırımsürətli süvariləri düşmən düşərgəsini üzük qaşı kimi mühasirəyə aldılar. Lakin onlar heç kimə toxunmurdular. Sadəcə, Çin əsgərlərini daim gərginlikdə saxlayaraq taqətdən düşmələrini gözləyirdilər. Mete bir nəfəri də qurban vermədən qələbə çalmaq taktikasını seçmişdi. Beləliklə, Çin döyüşçüləri hər an hücum təhlükəsi altında yeddi gün, yeddi gecə ac-susuz, yuxusuz qaldılar. Artiq Çin imperatorunu əsirlikdən, onun ordusunu isə məhv olmaqdan heç nə xilas edə bilməzdi.
Bu, Çin tarixində ən ağır fəlakət, ən acı məğlubiyyət idi. Nəhayət, imperator məktub yazıb elçi ilə Meteyə göndərdi. Bu, yalvarış məktubu idi.
Mete məktubu oxuyub fikrə getdi. Sonra çadırdan çıxıb ata mindi. Əli ilə işarə verib çinlilər üçün gündoğan tərəfdən dar keçid açılmasını əmr etdi. Yazıq görkəmli Çin əsgərləri bitib-tükənməz sıra ilə ağır-ağır keçib-getdilər.
Dünya müharibələri tarixində bu, görünməmiş bir alicənablıq idi. Bundan sonra Mete uzun zaman qılınca əl atmadı. Çünki ona baş əyməyən bir xalq qalmamışdı. O, Miladdan öncə 174-cü ildə vəfat etdi. Onun səltənəti düz üç yüz il - daxili çəkişmələr ölkəni dağıdana qədər yaşadı.