Bununla yanaşı, qədim Misir fironlarının və kahinlərinin yad planetdən gəlməsi ilə bağlı fikirlərdə mövcuddur.
Əvvəllər elə hesab olunurdu ki, ehramların tikintisində yalnız qul əməyindən istifadə olunmuşdur. Lakin sonradan arxeoloqlar Cizə yaxınlığında qədimdə mövcud olmuş kiçik bir qəsəbə aşkar etdilər. Məlum oldu ki, bu, muzdlu inşaatçılar və sənətkarlar qəsəbəsidir. Görünür, qədim Misirdə, doğrudan da, inşaatçılıq sənəti yüksək səviyyədə imiş.
Ehramın içində çoxlu miqdarda labirintşəkilli dəhlizlər, salonlar var. Buraya ehramın şimal tərəfində, 15 metr yüksəklikdə yerləşən girişdən daxil olmaq mümkündür. Vəfat edən fironu qiymətli əşyaları ilə birlikdə salonların birində saxlayırdılar. Onun bədəni mumiyalanırdı. Mumiya meyitin xeyli müddət çürümədən qalmasına imkan verirdi. Bir çoxları fironun qızıl əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd edirdi. Lakin bu heç də asan deyildi. Otağın yerini dəqiq bilməyən hər kəs ehrama daxil olarkən labirintə düşür, həftələrlə, aylarla buradan çıxa bilməyib acından ölürdü.
Misir ehramları və orada saxlanılan mumiyalarla bağlı müəmmalar zaman-zaman bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir.
1984-cü ildə firon Xefrenin tabutu çoxsaylı turistlərin müşahidəsi altında ehramdan çıxarılırdı. Bu zaman qəribə bir hadisə baş verdi. Tədqiqatçılar və turistlər öskürəkdən boğulur, ayaq üstə dayana bilmirdilər. Hesab olunur ki, məşhur şir-insan heykəli olan Sfinks də məhz bu fironun əmri ilə tikilmişdir. Sonradan özünə gələn turistlər bir ağızdan deyirdilər ki, mumiyanın saxlandığı otağa keçdikdə nəfəs yolları qıcıqlanmış, gözləri yaşarmış, qəfil zəifləmişlər. Ehrama giriş elə həmin gün bağlanmış, mütəxəssislər içəridə araşdırmalara başlamışdılar. Lakin tədqiqatlar heç bir nəticə verməmişdir.
Daha bir qəribə hadisə Mikerin ehramı ilə bağlı baş vermişdi. Fironun cənazəsi ehramdan çıxarılıb İngiltərəyə yollansa da, onun oraya gedib çatması mümkün olmamışdı. Cənazəni aparan gəmi dənizdə batmışdı. Deyilənə görə, Mikerin ehramının lənəti elə güclü idi ki, onun içində uzun müddət qalan insanlar tezliklə müəmmalı şəkildə vəfat edirdilər.
Ən müəmmalı hadisələr isə 1922-ci ildə Tutanxamonun ehramı aşkar olunduqdan sonra baş vermişdir. Bu tapıntı arxeologiya elmi tarixində ən böyük hadisələrdən biri hesab olunurdu. Lakin ekspedisiya qrupunun rəhbəri Hovard Karter və ona maddi dəstək verən lord Karnarvon tədqiqat prosesində həkimlərin təyin edə bilmədiyi naməlum bir xəstəlikdən öldülər.