Azıx mağarasında qazıntı işləri çox çətin şəraitdə aparılırdı. Arxeoloqlar mağaranın bütün çıxışlarına aparan keçidləri bərpa etməli oldular. Artıq bu zaman alimlər qədim əşyalar tapırdılar. Salonlarda isə ocaq izləri və daş alətlər aşkar edildi. Sonralar dünyanın adlı-sanlı tarixçiləri bu tapıntıları “arxeologiya tarixinin ən möhtəşəm kəşfləri” adlandırmışlar.
Arxeoloqlar mağarada müxtəlif qədim heyvanların sümüklərini tapdılar. Tapıntılar arasında 45 növ heyvan sümüyü müəyyənləşdirildi. İbtidai daş alətlərin sivri ucundan onların məhz ov üçün nəzərdə tutulduğu bəlli olurdu. Qaya üzərində sivri daşla cızılmış rəsmlərdə müxtəlif heyvanlar, ov səhnələri və s. təsvir olunmuşdu.
Qazıntı zamanı üzə çıxan qatlarda yeni-yeni maddi abidələr kəşf edilirdi. Təxminən 20 il ərzində ümumi qalınlığı 14 metr olan on təbəqə aşkarlandı. Onlardan ən dərini Alt Paleolit dövrünə aiddir.
Azıx mağarasındakı tədqiqat işlərində ilk vaxtlar yalnız arxeoloqlar iştirak edirdilər. Lakin sonralar düşərgədə aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi burada kompleks şəkildə qazıntı işlərinin aparılmasını zəruri etdi. Azıx paleolit düşərgəsində paleontoloqlar, geoloqlar və digər elm sahələrinin mütəxəssisləri də tədqiqat işləri aparmağa başladılar.
Azıx mağarasının tapıntıları arasında ən məşhuru və dəyərlisi qədim insanın alt çənə sümüyünün fraqmentidir. Bu tapıntı Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırdı və arxeologiya elminə “azıxantrop” (Azıx adamı) termini ilə daxil oldu. Elmi tədqiqat işləri nəticəsində müəyyən edildi ki, tapılmış ibtidai insan çənəsi 350-400 min il bundan əvvəl yaşamış 18-22 yaşlı qadının çənəsidir. Alimlərin fikrincə, bu çənə sümüyü qədimliyinə görə dünyada tapılmış insan qalıqları arasında dördüncü yerdədir. Qafqaz və Yaxın Şərqdə isə azıxantropun çənə sümüyü ən qədim tapıntı hesab olunur. Hal-hazırda həmin çənə sümüyü qiymətli eksponat kimi Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda saxlanılır.
Erməni qəsbkarları Qarabağı işğal etdikdən sonra Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparılmış, bir çox qiymətli tapıntılar xaricə daşınmışdır. Amma 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində mağaranın yerləşdiyi Azıx kəndi müzəffər ordumuz tərəfindən azad olundu. Çox keçməz ki, Azərbaycan alimləri araşdırmalarını bərpa edərək dünya elminə yeni töhfələrini verərlər.