Ustadın kənara qoyduğu közün işartısı sönməkdə idi. Ustad çay içə-içə gah sobadakı alova, gah da kənara qoyduğu közə baxırdı. Nəhayət, bayaqdan istilik və işıq saçan köz tamamilə sönüb qara-boz rəngli kömürə çevrildi. Ustad onu əli ilə ehmalca götürüb ora-burasına baxdı. Üstündəki külü üfürüb yenidən sobaya atdı. Bir qədər gözlədi. Kömür yenidən alovlandı, qıpqırmızı qızarıb istilik verməyə başladı.
Ustad fincandan son qurtumu içib ayağa qalxmaq üçün sağ əlini yerə dayadı. Tələbə cəld qalxıb ona kömək etdi. Onlar qapıya tərəf yönəldilər. Birdən ustad ayaq saxlayıb geri çevrildi və bir daha sobaya baxdı. Onun nəzərləri bayaq sobaya atdığı kömürə zillənmişdi. Bunu hiss edən tələbə də diqqətlə sobada alışıb-közərən kömürə baxdı və birdən hər şeyi başa düşdü. Qapının ağzında ustadını yola salarkən onun əlindən öpüb dedi:
-Gəlişinizin səbəbini başa düşdüm, ustad. Bu dərsiniz üçün Sizə minnətdaram. Söz verirəm ki, bundan sonra dərslərinizi buraxmayacağam.