Gecə saat on iki idi. Altincı sinif şagirdi Vasif isə hələ də masa arxasında oturub nə isə yazırdı. Anası neçə dəfə onu yatmağa səsləmişdi. Amma Vasif hər dəfə:
- Müəllim inşa tapşırıb. Mütləq yazmalıyam, - deyirdi.
Nəhayət, gecədən xeyli keçmiş atası ona yaxınlaşdı:
-A bala, nə inşadır elə, yazıb qurtara bilmirsən?
- “Böyüyəndə kim olmaq istəyirəm”.
- Həəə... Bu, vacib məsələdir. Ver, mən də baxım.
Atası Vasifin qarşısındakı vərəqlərə nəzər saldı:
- Vasif, bu necə inşadır, yazıdan çox sxemlərdir ki?
- Hə də, mən fermer olmaq istəyirəm. At ferması yaradacağam. Orada Qarabağ atları yetişdirəcəyəm. Bu da fermanın sxemidir. Cəmi 10 hektardır. Bax bu, evimizdir, 500 kvadrat metrdir. Bu iki düzbucaq isə tövlələri göstərir. Hərəsi 250 kvadrat metr. Bu ərazi isə otlaq sahəsidir.
- Sən bu atlarla neyləyəcəksən? Heç olmasa, inək, qoyun ferması açaydın.
- Babam deyirdi ki, Qarabağ atları dünyada ən güclü və çevik atlardır. Əvvəllər onlar idman yarışlarında birinci olardılar. Mən də istəyirəm ki, atlarım beynəlxalq yarışlarda iştirak etsin. Hamı da desin ki, Azərbaycandan gəlmiş Qarabağ atları yarışın qalibi oldu. Təsəvvür edirsənmi, düşmənlərimiz üçün necə zərbə olar?!
- Elə isə sən burada, - ata barmağını sxemə uzatdı, - idman məşqləri üçün yer ayır. Yarım hektar bəs edər.
Vasif sevinib əlini əlinə vurdu.
-Ay sağ ol, ata! Nə yaxşı yadıma saldın...
Ertəsi gün Vasif yeddi səhifədən ibarət olan inşanı müəllimə təqdim etdi. Müəllim dedi ki, bir həftədən sonra nəticələri elan edəcək.
Vasif günləri sayırdı. O, ürəyinin səsinə cavab eşitmək üçün tələsirdi. Atası da tez-tez soruşurdu:
- Nə oldu, müəllim inşanı yoxladı?