Qədim zamanlarda özünü çox bədbəxt hiss edən bir şahzadə yaşayırdı. Atası oğlunun günbəgün əridiyini görüb dünyanın hər yerindən həkimlər dəvət edirdi. Lakin heç kim şahzadəyə kömək edə bilmirdi.
Bir gün şahzadə eşitdi ki, qonşu şəhərdə müdrik bir qoca yaşayır. Atasından icazə alıb onun yanına getdi.
Qoca rəngi solmuş, üz-gözündən kədər yağan oğlana baxıb dedi:
- Səni sağaltmağın bircə yolu var: gərək xoşbəxt adamın köynəyini geyəsən.
Şahzadə xoşbəxt adam tapmaq üçün səyahətə çıxdı. Ən qüdrətli hökmdarların, ən varlı adamların, ən güclü pəhləvanların köynəklərini geyindi. Amma xoşbəxt olmadı. Görünür, onlar tam xoşbəxt deyildilər.
Nəhayət, şəhərin kənarında yer şumlayan bir kəndli ilə rastlaşdı. Kəndli elə şən mahnılar oxuyur, elə ürəkdən gülürdü ki, sanki heç dərdi yoxdu.
Şahzadə ondan soruşdu:
- Sən xoşbəxtsən?
- Bəli, - deyə kəndli cavab verdi.
- Bəs sən həyatda daha nə isə istəyirsən?
- Xeyr, heç nə istəmirəm.
Şahzadə çox sevindi:
- Onda köynəyini mənə sat.
Kəndli cavab verdi:
- Köynəyimi? Axı mənim heç köynəyim yoxdur!