Bir dəfə Xoşbəxtlik meşə ilə gedir. Qəfildən bir quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan ayağının səsini eşidib onu köməyə çağırır:
- Ey xeyirxah insan, çıxar məni buradan.
- Əvəzində nə verəcəksən? - deyə insan soruşur.
- Nə istəyirsən?
- Dənizə görünüşü olan, dəbdəbəli, böyük və gözəl bir ev istəyirəm.
Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır.
Xoşbəxtlik yenə hönkür-hönkür ağlayır. Yenə də səs eşidib haraylayır:
- Ey xeyirxah insan, çıxar məni buradan.
- Əvəzində nə verəcəksən? - deyə bu insan da soruşur.
- Nə istəyirsən?
- Ən bahalı markadan olan gözəl maşın istəyirəm.
Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir. Ancaq o da sevinərək qaçıb gedir və Xoşbəxtliyi quyudan çıxarmağı unudur.
Tamam ümidini itirdiyi bir vaxtda Xoşbəxtlik görür ki, cavan bir oğlan yuxarıdan üzüaşağı baxır. Ağlamağını kəsib deyir:
- Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.
Oğlan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:
- Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?
- Mənə heç nə lazım deyil, - deyə oğlan cavab verir.
Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan ayrılmır.