Hamı ayağa qalxdı. Siçanların ağsaqqalı izdihamı sakitləşdirmək istədi:
- Mənim əzizlərim, pişiyi öldürmək bizim işimiz deyil, ona gücümüz çatmaz. Ara yerdə qırğına gedərsiniz.
- Olsun. Belə həyatdan ölüm yaxşıdır, - bir cavan siçan hayqırdı.
- Səbir elə, oğul, acıqlı başda ağıl olmaz.
- Bəs nə edək, ağsaqqal? Əl-ayağımızı boş qoyub oturaq?
Hamı fikrə getdi. Bu dəfə ön cərgədə oturan ağsaqqal bir siçan ayağa qalxdı, müdriklərə xas təmkinlə dilləndi:
- Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. Amma bunun başqa çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. O yaxınlaşanda zınqırov səsindən bilək ki, pişik gəlir. Dərhal qaçıb gizlənək.
Ortalığa sükut çökdü. Birdən yuxudan ayılmış kimi hamı ayağa qalxıb əl çaldı. Ağsaqqal isə bu mənzərəni izləyir və mənalı-mənalı gülümsəyirdi.
Bəli, təklif bəyənildi. Haradansa qəşəng bir zınqırov da gətirdilər. Sədr ayağa qalxdı. Zınqırovu başının üstünə qaldırıb cingildətdi:
- Mənim əzizlərim, axır ki, dərdimizə çarə tapdıq. İndi deyin görüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?
Heç kimdən səs çıxmadı. Başçı zınqırovu cingildədib bir də soruşdu:
- Hə, nə oldu, niyə dinmirsiniz? Kim istəyirsə, qabağa çıxsın.
Siçanlar əvvəlcə bir-birinin üzünə baxdılar. Sonra bir-birini dümsüklədilər. Hər kəs öz qonşusunu qabağa itələmək istədi. Hamı dartındı. Qabaqda oturanlar dönüb ehtiyatla geri baxdılar və gördülər ki, heç kəs qalmayıb, hamı aradan çıxıb. Onlar da ayağa durub qaçanların dalınca yüyürdülər. Əlində zınqırov meydanda tək qalan başçının səsi eşidildi:
- Bəs bu zınqırovu kim asacaq, kim?!