Neçə gün idi ki, Bozdağın ətəyində, tənha çinarın kölgəsində müşavirə gedirdi. Buraya dünyanın hər yerindən ev siçanları toplanmışdı. Onların dərdi böyük idi: kimisi yeganə oğlunu, kimisi ərini itirmişdi. Aralarında atadan, anadan yetim qalan cavanlar da vardı. Hamısının ürəyi yaralı idi.
Yığıncağı uzunbığlı, yaşlı bir siçan açdı:
– Mənim əzizlərim, hamınıza məlumdur, niyə bura yığışmışıq. Əgər belə getsə, kökümüz tamam kəsilə bilər. Artıq buna dözmək olmaz. Birləşməli və ümumi düşmənə qarşı əlbir olub tədbir görməliyik.
Siçan danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının ürəyindən xəbər verib. Onu dinləyənlərin qəzəbdən gözləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər.
Yığışanların arasından biri qabağa çıxdı, dal ayaqları üstünə qalxıb tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düşdüyünü göstərirdi.
– Mən anayam, – deyə sözə başladı. – Amma bala üzünə həsrət qalmışam. Onları əziyyətlə böyüdürəm, boyabaşa çatdıranda əlimdən alırlar. Bu pişiklər sinəmizə dağ çəkir, srağagün sonbeşiyimi gözümün qabağında yedilər.
Siçan səsini kəsib hıçqırdı. Sədr də qəhərləndi, oturanların da çoxunun əlində dəsmal var idi.
Ana siçan sözünə davam etdi:
– O gün balamla gəzirdim. Birdən pələng kimi bir pişik üstümüzə atıldı, balama elə bir pəncə ilişdirdi ki, tifil yumaq kimi göyə qalxıb yerə dəydi. İstədim özümü qabağa atım, balamı xilas edim, amma pişiyin üstümə yeridiyini görüb qaçdım, özümü yuvaya güclə saldım. Oradan baxanda... – Siçan yenə qəhərləndi. – Pişik bir dəfəlik öldürsə, yaxşı idi, balamın da canı qurtarardı, mənim də. Amma elə eləmədi. Yazıq tifillə oynamağa başladı. Onu buraxdı, sonra yenə tutdu. Bax beləcə, gözümün qabağında oynatdı, oynatdı, sonra da boğub yedi.
Ona qulaq asanlar qəzəbləndilər.
– Buna dözmək olmaz!
– Pişiklərə ölüm!
– Onların kökünü kəsmək lazımdır!