Məndən tez-tez soruşurdular: “Unudulmuş musiqi alətlərini yenidən yaratmaqda məqsədin nədir?” Heç vaxt bu suala dürüst cavab verə bilməmişəm. Mənə elə gəlirdi ki, sual düzgün verilmir və ya düzgün ünvanlanmır. Özü üçün rəsm çəkən, şeir yazan adamdan gördüyü işin məqsədini necə soruşmaq olar?! Desəm ki, bu işə başlayanda pul qazanmaq istəmişəm, gülünc çıxar. Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmək istədiyimi iddia etsəm, səmimilikdən uzaq olaram. Mən, sadəcə olaraq, bu alətləri olduğu kimi görmək, onları səsləndirmək istəmişəm. Bir sözlə, işə başlayanda məqsəd yox, maraq var idi.
Hər bir musiqi alətinin yaradılması bir zirvənin fəthinə bənzəyir. Mənə elə gəlir ki, alpinist yalnız zirvəni fəth etdiyi an xoşbəxt olur. Mən də alətin son simini bağlayıb onda ilk notları səsləndirəndə sanki qanad açıb uçmaq istəyirdim. Sonra içimdə bir boşluq yaranırdı. Yalnız növbəti alətin yaradılmasına başlayanda bu boşluğu doldururdum.