- Bilirsiniz, mən qədim musiqi alətlərinin bərpası ilə məşğulam...
Mən qədimdə Azərbaycanda mövcud olmuş musiqi alətlərindən, onları yenidən yaratmağın vacibliyindən, bu işin nə qədər çətin olduğundan danışmağa başladım. Direktor mənə diqqətlə qulaq asırdı. Ancaq onun dediklərimə münasibətini heç cür başa düşə bilmirdim: ya danışdıqlarım onu çox maraqlandırırdı, ya da o mənim ağıldan bir qədər kəm olduğumu zənn edirdi. Hər halda, iyirmi-iyirmi beş dəqiqə ərzində direktor mənim sözümü kəsmədən səbirlə dinlədikdən sonra soruşdu:
- Sizin dedikləriniz çox maraqlıdır. Siz çox böyük işlə məşğul olursunuz. Ancaq mən başa düşmədim, sizə nə köməyim dəyə bilər. Bəlkə...
O, əlini cibinə saldı. Deyəsən, pul çıxarmaq istəyirdi. Mən yalnız indi anladım ki, bayaqdan əsas xahişimdən başqa hər şeydən danışmışam. Tez dilləndim:
- Məsələ burasındadır ki, qədim alətlərin simləri, əsasən, qoyun bağırsağından düzəldilir. Mənə qoyun bağırsağı lazımdır. İşçiləriniz dedilər ki, bunu yalnız siz həll edə bilərsiniz.
Kişi əsəbi şəkildə yerindən qalxıb var-gəl etməyə başladı.
- Elə belə də dedilər, hə? Yalnız mən həll edə bilərəm?!
O, katibəyə kimi isə çağırmağı tapşırdı. Birazdan bağırsağı strateji məhsul kimi qələmə verən şəxs otağa daxil oldu. Direktor mənə işarə edib zəhmlə soruşdu:
-Sən bilirsən, bu kişi kimdir?
İşçi bir qədər əzilib-büzüldü:
- Yox, bağışlayın, tanımadım.
-Tanımazsan da! Millətin mədəniyyəti üçün çalışanları tanımazsan. Bağırsaq nədir ki, bu incəsənət adamına qıymırsan? Get, bağırsağın hansı yerindən istəyirsə, nə qədər istəyirsə, ver. Bundan sonra da bu kişi nə istəsə, əliboş qaytarma.
Beləliklə, bu problem də həll olundu. Məlum oldu ki, kombinatda bağırsağı xüsusi texnologiya ilə yuyur və qurudurlar. Mənim bir aya gördüyüm iş burada bir neçə dəqiqəyə başa çatırdı. O əhvalatdan sonra kombinatın direktorunu görməsəm də, onu həmişə minnətdarlıq hissi ilə xatirlayıram.