Bu elə bir bina idi ki, bürcləri aya yüksəlmişdi. Qəsrin divarına gün düşəndə şəfəqdən hurinin də gözü qamaşardı. Bayırı göy kimi gözəl, içi cənnət kimi rahat idi. Divarları ayna kimi əks salırdı. Gün ərzində üç rəngə düşürdü: göy, ağ və sarı. Səhər asimanın rəngindən qəsr göy rəngə çalardı. Günəş üfüqdən aralanıb günorta yerinə qalxanda Xəvərnəq sarayının üzü gün kimi saralardı. Bulud günəşi örtəndə saray ağ rəngə boyanardı.
Simnar sarayı tikib qurtarandan sonra Neman ona gözlədiyindən ikiqat artıq peşkəş, xələt verdi, qızıl yüklü dəvələr, say-hesaba gəlməyən cəvahirat bağışladı. Simnar bu peşkəşləri görüb dedi:
- ...mənə belə hörmət ediləcəyini əvvəlcədən biləydim. Onda daha çox zəhmət çəkib elə bir qəsr tikərdim ki, illər keçdikcə onun gözəlliyi daha da artardı.
Neman soruşdu:
- Çox muzd versələr, bundan yaxşı qəsr tikə bilərsənmi?
Simnar cavab verdi:
- İstəyirsən, elə bir saray tikim, Xəvərnəq onun yanında heç olsun. Bu, üçrənglidirsə, o, yüzrəngli olsun. Bu, daşdandır, o, yaqutdan olsun. Bunun bir günbəzi varsa, onun göy kimi yeddi günbəzi olsun.
Simnarın bu cavabından Nemanın rəngi qızardı. Bu, şahın sənətkara olan hörmətini külə döndərən qəzəb atəşi idi.
Neman şah öz-özünə dedi: “Onu salamat buraxsam, pul gücünə Xəvərnəqdən yaxşı qəsr tikəcək”.
Şah bu fikirlə öz qulluqçularına tapşırdı ki, Simnarı tikdiyi qəsrin başından yerə atıb öldürsünlər.
Beləcə, Xəvərnəq sarayı memar Simnarın son işi oldu.