İran hökmdarı Yəzdigürd neçə il şahlıq etmiş, zülmü ilə aləmin nifrətini qazanmışdı. Bəlkə də, buna görə rəiyyətin ahı onu tutmuşdu. İyirmi ildə neçə övladı olmuşdu, heç biri yaşamamışdı.
Bəhram doğulanda münəccimlər məsləhət gördülər ki, şah uşağı İranda saxlamasın. Ərəbistanda səfalı bir yer seçilsin. Bəhram orada böyüsün.
Yəzdigürd münəccimlərin məsləhətini bəyəndi. Övladından ayrılmaq ağır olsa da, razılıq verdi. ... uşaq salamat qala. Oğlunun sağlamlığı xatirinə ayrılığa razı oldu.
Neman şahzadəni çox yaxşı saxlayırdı. Onu gözlərindən əziz tuturdu. Dörd il bu qayda ilə uşağı bəsləyib-böyütdü.
Bir gün Neman öz oğlu Mənzərə dedi:
- Bizim yerlərin havası isti və qurudur. Şahzadə isə incə, zərif uşaqdır. O elə bir yerdə yaşamalıdır ki, həm təmiz hava alsın, həm də yerin buxarından, toz-torpağından uzaq olsun.
Ata-bala məsləhətləşib Bəhram üçün yüksək və səfalı bir yer axtarmağa başladılar. Elə bir yer tapdılar ki, Yəmən vilayətində onun misli yox idi. Yaxşı bir usta tapıb burada qəsr tikdirmək qərarına gəldilər.
Bir gün Nemana xəbər gətirdilər ki, sən deyən usta, olsa-olsa, Rum ölkəsində yaşayan Simnar olacaq. Sənətinin şöhrəti dünyanı tutub. O, zirək, hünərli, iş bacaran sənətkardır. Misirdə, Şamda çox binalar tikmişdir. Heç birində bir qüsur yoxdur. Hamı onun qabiliyyətinə heyrandır. Bir baxışı ilə bütün yüksəklikləri təyin edir. Göyün sirlərindən, aydan, günəşdən xəbər verir. Şahzadə üçün yüksək sarayı ancaq o tikə bilər.
Bu xəbərdən Neman sevindi. O sənətkarı görmək arzusu ilə qəlbi alovlandı. Adam göndərib Simnarı çağırtdırdı. Qəsri tikmək üçün ona yüksək mükafat vəd etdi.
Simnar işə başladı. Dəmir kimi möhkəm əlləri ilə yorulmadan beş il işlədi. Onun tikdiyi bina “Xəvərnəq sarayı” adlandırıldı.