Biz məktəbdən çıxıb idman meydançasının yanındakı ağaclığa sarı yollandıq. Müəllim iri gövdəli bir ağacın yanında dayanıb iki oğlana tapşırdı ki, çala qazsınlar. Çala hazır olduqdan sonra o, qutunu çalaya qoydu və bizə tapşırdı ki, çalanı torpaqla dolduraq. Birazdan “bilmirəm”lərlə dolu qutu torpağın altinda görünməz oldu.
Ətrafa dərin sükut çökdü. Hamı yarım saat əvvəl yazdığı zəif cəhətləri haqqında düşünür, sanki ürəyində öz qüsurları ilə vidalaşırdı. Nəhayət, Günay müəllim ətrafa çökmüş sükutu pozdu:
- Dostlar, “bilmirəm”lər hamımızın dilində var. Evdə də, məktəbdə də biz bu sözü dəfələrlə səsləndiririk. Bu gün isə “bilmirəm”lərimizlə vidalaşırıq.
Sinfə qayıtdıqdan sonra müəllim təklif etdi ki, bugünkü dərsin adını müəyyən edək. Müxtəlif təkliflər oldu:
– Bacarıqsızlığa əlvida!
– Əlvida, “bilmirəm”!
– Yaşasın “bilirəm”!..
Lakin adından asılı olmayaraq, bu dərs həyatım boyu yadımdan çıxmayacaq. Başqa uşaqları deyə bilmərəm, ancaq mən bundan sonra “bacarmıram” sözünü dilimə gətirməyəcəyəm. Bu sözü işlətməmək üçün əlimdən gələni edəcəyəm.